
Böyük Britaniyada 70 min universitet işçisi tətilə çıxıb
Böyük Britaniyada 70 mindən çox universitet işçisi maaş, təqaüd və iş şəraiti ilə bağlı mübahisələrə görə üç gündür tətil keçirir.
Busaat.az xəbər verir ki, İngiltərə üzrə 150 universitetdə 70 000-dən çox müəllim, tədqiqatçı, kitabxanaçı və digər işçi heyətinin başlatdığı tətili Tələbələrin Milli Birliyi də dəstəkləyib.
Universitet və Kolleclər Birliyinin (UCU) Baş katibi Jo Grady, bunu ali təhsil tarixindəki ən böyük tətil aksiyası olaraq xarakterizə edib: “2,5 milyon tələbənin tətildən təsirlənə biləcəyini təxmin edirik. Universitet işçiləri inflyasiya və əməkhaqlarının kəsilməsindən bezib. İşçilərin narahatlıqları təcili həll edilmədiyi təqdirdə gələn il daha böyük addımların atılması mümkündür”.
Universitet əməkdaşlarının tətili noyabrın 25 və 30-da davam edəcək.
Maaşların kifayət etməməsi səbəbindən Şotlandiyada da müəllimlər tətilə qoşulub.
Müəllimləri təmsil edən həmkarlar ittifaqları çərşənbə axşamı (22 noyabr) yenidən işlənmiş maaş təklifini “alçaldıcı” addım olaraq qəbul etdiklərini bildirib və bu təklifi rədd ediblər.
Busaat.az























