
Braziliyada daşqın: Ölənlərin sayı 21-ə çatıb
Braziliyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 21-ə yüksəlib.
Busaat.az xarici mənbəyə istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətlərə Qarşı Mübarizə İdarəsi məlumat yayıb.
Rio Grande do Sul qubernatoru Eduardo Leite mətbuat konfransında ştatda ən ölümcül fəlakətin yaşandığını bildirib.
“Rio Grande do Sul əyalətinin Muçul qəsəbəsində sel suları çəkildikcə daha 15 nəfərin cəsədi aşkar olunub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 21-ə yüksəldi. Biz çox kədərlənirik”, – deyə o söyləyib.
Bazar ertəsindən bəri təsirli olan qasırğa sel və torpaq sürüşməsinə səbəb olub. Yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Milli Fəlakətlərə Qarşı Mübarizə İdarəsinin rəisi Volnei Barreiros bildirib ki, ümumilikdə 54 şəhərdə müşahidə olunan qasırğa 20 mindən çox insana mənfi təsir edib.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva həmrəylik mesajı göndərərək hökumətin vətəndaşlara kömək etməyə hazır olduğunu açıqlayıb.























