
Britaniya, Fransa, Almaniya və ABŞ İranı nüvə silahının yayılmaması prinsiplərinə əməl etməyə çağırır
“Ümid edirik ki, İran bu fürsətdən istifadə edərək, həll edilməmiş məsələlərin həlli istiqamətində MAQATE ilə vicdanla əməkdaşlıq edəcək”.
Busaat.az xəbər verir ki, Böyük Britaniya, Fransa, Almaniya və ABŞ MAQATE-nin Rəhbərlər Şurasının İranla bağlı qətnaməsinin qəbulundan sonra Tehranı Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə öhdəliklərinə əməl etməyə çağırıb.
“Bu qətnamə Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində İranın hüquqi öhdəlikləri ilə bağlı ciddi və həll olunmamış məsələlər üzrə MAQATE ilə kifayət qədər əməkdaşlığa cavab olaraq qəbul edilib” – deyə, dörd ölkənin birgə bəyanatında bildirib.
Bu fonda, üç Avropa ölkəsi və ABŞ Tehranı NPT ilə bağlı tələb olunan təminat öhdəliklərini yerinə yetirməyə və İranda üç yerdə müəyyən edilmiş uran hissəciklərinin mövcudluğu ilə bağlı “texniki cəhətdən etibarlı izahatlar verməyə” və digər nüvə materiallarının harada olduğunu aydınlaşdırmağa çağırıb: “Ümid edirik ki, İran bu fürsətdən istifadə edərək, həll edilməmiş məsələlərin həlli üçün MAQATE ilə əməkdaşlıq edəcək ki, bu məsələlərlə bağlı İdarə Heyətinin əlavə addımlarına ehtiyac qalmasın”.
Qeyd edək ki, MAQATE-nin Rəhbərlər Şurası cümə axşamı Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində təminatlara riayət olunmasını tələb edən qətnamə qəbul edib. Agentlik həmçinin İranı nüvə proqramı ilə bağlı məsələlərin həlli üçün əməkdaşlığa çağırıb. Şura İranın NTP təminatları sazişinə əməl etməməsindən irəli gələn “uzun müddətdir davam edən təminat məsələlərini aydınlaşdırmaq və həll etmək üçün İranın agentliklə tam və vaxtında əməkdaşlıq etməsinin zəruriliyini” vurğulayıb.
İyunun 8-də MAQATE-nin Rəhbərlər Şurası üç obyektdə ifşa olunmuş uran izləri ilə bağlı texniki cəhətdən yoxlanıla bilən izahat verməkdən imtina etdiyinə görə İranı qınayan qətnamə qəbul edib. Sənədi 30 dövlət dəstəkləyib. Rusiya və Çin əleyhinə, Hindistan, Liviya və Pakistan isə bitərəf qalıb.
Busaat.az























