
Britaniya xüsusi təyinatlılarının 19 ölkədə gizli fəaliyyət göstərdiyi iddia edildi
Media sızıntılarına əsaslanaraq, Londonda yerləşən “Action on Armed Violence (AOAV)” adlı tədqiqat qrupu Britaniya xüsusi təyinatlılarının 2011-ci ildən bəri dünya üzrə fəaliyyətini əhatə edən hesabat hazırlayıb.
Busaat.az xəbər verir ki, araşdırmaya görə, SAS və digər Britaniya xüsusi təyinatlıları son on ildə Nigeriya, Filippin və Rusiya, həmçinin Suriya, Ukrayna və son olaraq Sudan da daxil olmaqla 19 ölkədə “gizli” əməliyyatlarda iştirak edib.
Qeyd olunub ki, elit hərbi hissələrin əməliyyatları ictimaiyyətə açıqlanmadan “gizli” həyata keçirilib.
Araşdırmaya görə, SAS, Xüsusi Qayıq Xidməti və Xüsusi Kəşfiyyat Alayının üzvləri baş nazir və müdafiə naziri tərəfindən çox vaxt Böyük Britaniyanın müharibə aparmadığı ərazilərdə yüksək riskli missiyaları yerinə yetirmək üçün dəfələrlə həmin bölgələrə yerləşdirilib.
Hesabatda xüsusi təyinatlıların Suriyada xüsusilə fəal olduğu və onların 2012-ci ildən Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançı qruplara kömək etmək üçün ölkəyə daxil olduqları bildirilir.
Araşdırmaya görə, məxfilik vəsvəsəsi o qədər böyük olub ki, 2018-ci ildə SAS üzvü Mett Tonro Suriyada öldürüləndə rəsmi olaraq Paraşüt Alayının üzvü kimi tanınıb. Sonradan məlum olub ki, Tonro kustar üsulla hazırlanmış partlayıcıdan deyil, amerikalı həmkarının daşıdığı əl qumbarasının təsadüfən partlaması nəticəsində ölüb.
Busaat.az























