
"Bu gün regionda sülhün qarşısını ala biləcək qüvvə mövcud deyil" - Xələf Xələfov
“Bu gün regionda sülhün qarşısını ala biləcək qüvvə mövcud deyil”.
Busaat.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən konfransda deyib.
X.Xələfov bildirib ki, Azərbaycanın qələbəsinin simvolunu Şuşa təşkil edir: “İkinci Qarabağ müharibəsindən danışırıqsa, Şuşanın işğaldan azad olunması bu qələbənin üzük daşıdır. Bu gün əsas məsələlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü sülh gündəliyidir. Bunun ətrafında bütün səylərimizi göstəririk. Şuşa Bəyannaməsinin bir çox bəndləri bu sülh gündəliyinin irəli aparılmasına yönəlib. Bəyannamənin müddəaları Azərbaycan müstəqiliyyini bərpa etdikdən sonra 30 il ərzində qarşımızda əməkdaşlıq və həmrəylik, xüsusilə də 44 günlük Vətən müharibəsi günlərində formalaşmış və təşəkkül tapmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iki ölkənin qardaşlığının gələcəyinə yönəlik konturlarını və əsas istiqamətlərini bu bəyannamənin mətnində öz imzaları ilə tarixə yazıblar”.
Nazir müavini vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoyub: “Şuşa Bəyannaməsi iki ölkə arasında qarşılıqlı fəaliyyət və dəstəyə əsaslanan müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir. Bəyannamə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səyləri artırır”.






















