Busaat.az xəbər verir ki, Yunanıstanın Santorini adası və ətrafında seysmik aktivlik intensivləşir. Egey dənizində baş verən zəlzələlər səbəbindən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin rəhbərliyi ilə fövqəladə vəziyyət komitəsi toplanıb.
Adada son günlər bir sıra vulkanik fəaliyyət qeydə alınıb. Santorini adasının da daxil olduğu Kiklad adaları bölgəsində son 48 saat ərzində 200-dən çox yeraltı təkan baş verib. Kiklad adalarında narahatlıq hökm sürür. Baş nazir Mitsotakisin rəhbərliyi ilə toplanan fövqəladə vəziyyət komitəsində bölgədəki seysmik aktivlik və mümkün güclü zəlzələyə qarşı görüləcək tədbirlər müzakirə olunub. Təhlükəsizlik tədbiri olaraq bu adalarında məktəblər bağlanıb, bütün tədbirlər ləğv edilib.
Bölgəyə axtarış-xilasetmə qrupları və pilotsuz uçuş aparatları göndərilib. Mümkün zəlzələ anında tikililərə zərər dəyməsinin qarşısını almaq məqsədilə hovuzlar boşaldılıb. Əhaliyə sahil zolağından uzaq durmaq və qapalı məkanlarda kütləvi yığıncaqlardan çəkinmək tövsiyə edilib.