2020-ci ildə əngəlli olduğuna görə təqaüd alan vətəndaşların sayı 383993 nəfər idisə, 2024-də onların sayı 258101 nəfərə düşüb. Yəni, son 4 ildə azalma sayı 125892 nəfər olub – bunun səbəbi nədir?! Korrupsiya və rüşvətlə əngəlli təqaüdü verənlərin vətəndaşlarımı siyahıdan çıxardıblar?! Yaxşı, belədirsə, 126 minə yaxın insana qanunsuz elə status verənlər niyə cəzalandırılmayıb?! Məntiqlə, tək elə bu məsələyə görə nazir, ən yaxşı halda, istefa verməli idi.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. Ekspert həmçinin bildirib ki, insanlar təqaüd yaşına çatmadan dünyalarını dəyişirlər, amma hökumət hələ də israrla təqaüd yaşının artırılması siyasətini dəstəkləyir, dəyişiklik etmək istəmir:
“Bu ilin son rəsmi məlumatlarına görə, Azərbaycanda pensiya alan şəxslərin sayı 1 milyon 95 min 958 nəfər olub – bu ötən illə müqayisədə 18 min 269 nəfər azdır. Ötən il Azərbaycanda pensiyaçıların sayı 1 milyon 114 min 227 nəfər olub. Son beş ildə pensiyaçıların sayı 174 min 601 nəfər, son on ildə isə 194 min 924 nəfər azalıb.
Vətəndaş çalışır, işləyir DSMF-yə pul yığır ki, normal təqaüd alsın, amma pensiya yaşına çatmadan dünyasını dəyişir. Onun hesabında yığılan vəsaitə ailə üzvləri, varislərinin birbaşa çıxışı yoxdur, buna imkan verilmir. Niyə?! Axı bu dövlətin-hökumətin pulu deyil, insan onillərlə çılışıb DSMF-yə pul yığır, bu onun halal vəsaitidir, niyə öncədən bir sənədlə həmin vəsaitin başına bir iş gələndə ailəsinə, və ya özünün təyin etdiyi istənilən varisə verilməsi təmin edilməsin ki?! DSMF-də yığılan pulla, bəlkə ailə üzvləri kiçik biznes quracaqlar, bəlkə hansısa ailə üzvü təhsilinə xərcləyəcək, buna niyə imkan verilmir ki?!
Bir sözlə, bir çox sahədə olduğu kimi, təqaaüdlərin hesablanması, verilməsi, DSMF-nin iş prinsipləri haqqında yeni, sivil dünya ölkələrinin nümunələrinə uyğun yeni qanunvericilik bazası yaradılmalıdır. İndiki qanun dəlmədeşikdir, insanların gözləntilərinə cavab vermir”.