
Burkina Faso-da görünməyən tərəf: Fransa səfirliyinə hücum edildi
Burkina Fasoda devrilmiş lider polkovnik Paul-Henri Sandaogo Damibanın Fransa hərbi bazasına sığındığı iddialarından sonra çevriliş tərəfdarları Fransa səfirliyinə hücum edib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Anadolu Ajansı xəbər agentliyi yayıb.
Nümayişçilər Fransa əleyhinə şüarlar səsləndirərək səfirlik binasına daxil olmağa çalışıblar. Səfirliyə daxil ola bilməyən nümayişçilər binanın girişini yandırıblar. Çevriliş etmiş əsgərlər dövlət televiziyasına verdiyi açıqlamada, Damibanın Fransa hərbi bazasına sığındığını və əks çevriliş planlaşdırdığını iddia ediblər.
Fransa səfirliyi tərəfindən verilən açıqlamada isə, devrilmiş liderin Fransa hərbi bazasına sığınması barədəki iddialar təkzib edilib.
Qeyd edək ki, dünən Burkina Fasoda ordu ölkədəki təhlükəsizlik vəziyyətini əsas gətirərək hakimiyyəti ələ keçirib, ölkənin yeni liderinin kapitan İbrahim Traore olduğunu açıqlayıb.
Çevrilişdən sonra hazırkı konstitusiyanın yeni konstitusiya hazırlanana qədər qüvvədən düşdüyü, ölkə sərhədlərinin bağlandığı, hökumətin buraxıldığı, saat 21:00-05:00 arasında ölkə daxilində komendant saatı elan edildiyi, bütün siyasi fəaliyyətlərin və qeyri-təbii fəaliyyətlərin həyata keçirilməsinin məhdudlaşdırıldığı bildirilib.
Eyni zamanda Burkina Fasonun devrilmiş lideri Damiba da bəyanat yayıb.
Vəzifəsindən uzaqlaşdırılan polkovnik Paul-Henri Sandaoqo Damiba özünü ölkənin yeni lideri elan edən İbrahim Traoreni ağıllı hərəkət etməyə dəvət edib.
Damiba bu barədə bəyanat imzalayıb və onun imzaladığı bəyanat Burkina Faso Prezident Aparatının rəsmi Facebook səhifəsində dərc edilib.
Bəyanatda Damiba özünü Burkina Fasonun yeni lideri elan edən Traore və onun qoşunlarını sağlam düşüncə ilə hərəkət etməyə və qardaş qırğınına səbəb olmamağa çağırıb. Ölkədə baş verən hadisələri xalqı manipulyasiya etmək üçün ağıllı yalanlar kimi qiymətləndirən Damiba, Fransa bazasına sığındığı iddialarını da rədd edib.
Damiba eyni zamanda xalqı sakit olmağa və evlərinə qayıtmağa çağırıb.
Busaat.az























