
Casus qalmaqalı böyüyür: Fransa XİN vətəndaşlarını İrana səyahət etməməyə çağırıb
Fransa Xarici İşlər Nazirliyi İrana səyahətli bağlı əvvəlki tövsiyələrini yeniləyib.
Busaat.az xəbər verir ki, yeni bəyanatda ikili vətəndaşlığı olanlar da daxil olmaqla, İrandakı bütün Fransa vətəndaşlarına “əsassız həbs riski” olduğu üçün ölkəni tez bir zamanda tərk etmələri tövsiyə edilib.
“Bu riskə İrana turistik səfər edənlər də daxildir” – deyə, bəyanatda bildirilib.
Həmçinin qeyd edilib ki, Fransanın Tehrandakı səfirliyi öz vətəndaşlarının saxlanılması və ya həbs edilməsi halında onların əsas hüquq və təhlükəsizliyinə zəmanət vermir.
Qeyd edək ki, hadisələr İranda iki Fransa vətəndaşının cəsus olduqları iddiası ilə həbs edilməsindən sonra baş verib. Tehran administrasiyası may ayında iki Fransa vətəndaşını casusluq şübhəsi ilə saxlayıb. İran tərəfi oktyabrın 6-da casusluq ittihamı ilə həbs edilən iki Fransa vətəndaşının Fransa Xarici Kəşfiyyat Xidmətində (DGSE) işlədiklərini və bu ölkəyə rejim dəyişikliyinə zəmin hazırlamaq üçün gəldiklərini bildirən görüntüləri yayımlayıb.
Fransa mətbuatı isə, İranda tutulan iki fransızla bağlı “İranda fransız müəllimi saxlanılıb” və “İranda fransız ər-arvad saxlanılıb” başlıqları ilə xəbərlər dərc edib.
Rəsmi Paris İranda saxlanılan iki vətəndaşının “casus” olduqlarını söyləməyə məcbur edildiyini və etirafların həqiqətə uyğun olmadığını iddia edib. Fransa tərəfi 2 fransız məhbusun dərhal azad edilməsini tələb edib.
Busaat.az























