
Cənubi Koreya dünyanın ən böyük çip mərkəzini quracaq
Cənubi Koreya Seulda yerləşən çoxmillətli elektronika şirkəti Samsung Electronics-in təxminən 230 milyard dollar sərmayəsi ilə dünyanın ən böyük çip mərkəzini qurmağa hazırlaşır.
Busaat.az xəbər verir ki, Cənubi Koreya prezidenti Yoon Suk-yeol dünyanın ən böyük yeni “yüksək texnologiyalı yarımkeçiricilər klasterini” quracaqlarını bildirib.
“Təxminən 300 trilyon Koreya vonunun böyük miqyaslı özəl sərmayəsinə əsaslanaraq, Seul ərazisində dünyanın ən böyük yeni “yüksək texnologiyalı yarımkeçirici klasterini” inşa edəcəyik. Bundan əlavə, mövcud yaddaş yarımkeçirici istehsalı kompleksləri ilə birlikdə “yarımkeçirici meqaklasteri” həyata keçirəcəyik. Biz onu dünyanın ən böyük kompleksinə çevirəcəyik”, – prezident qeyd edib.
CNN-in məlumatına görə, çip klasterinin Seul ərazisinə daxil olan Gyeonggi əyalətində yerləşəcəyi və ümumi investisiyanın təxminən 20 il ərzində tamamlanacağı bildirilib.
Keçən ilin may ayında Samsung 2026-cı ilə qədər öz biznesinə 350 milyard dollardan çox resurs köçürmək və on minlərlə yeni iş yeri yaratmaq planını açıqlamışdı. Şirkət ilk növbədə çip istehsalı və biofarmasevtika kimi əsas müəssisələrə sərmayə qoyacağını qeyd edib.
Busaat.az























