
Cənubi Koreyanın vura bilmədiyi Şimali Koreya PUA-larından biri paytaxt Seula qədər uçub
Cənubi Koreya Şimali Koreyaya məxsus 5 pilotsuz uçuş aparatının (PUA) bu ölkənin hava məkanını pozduğunu və onlardan birinin paytaxt Seula qədər uçduğunu açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Yonhap agentliyi yayıb.
Agentliyin xəbərinə görə, Baş Qərargahdan verilən yazılı açıqlamada Şimali Koreyaya məxsus PUA-ların Gyeonggi şəhəri yaxınlığından ölkəyə daxil olduğu bildirilib.
Açıqlamada 5 PUA-dan birinin Seulun şimalına uçduqdan sonra ölkənin hava məkanını tərk etdiyi qeyd edilib.
İHA-ların silahlı olub-olmaması ilə bağlı məlumatların yer almadığı açıqlamada mülki şəxslərin zərər görməməsi üçün məhdud səviyyədə əməliyyat aparıldığı bildirilib.
Bəyanatda Şimal tərəfinin təxribatlarına “sərt və haqlı” cavab veriləcəyi vurğulanıb.
Bildirilib ki, Cənubi Koreya ordusu döyüş təyyarələrini havaya qaldırıb və helikopterlərdən 100-ə yaxın atəş açılsa da, PUA-ları vurmaq mümkün olmayıb.
Əməliyyata qatılan “KA-1” tipli döyüş təyyarəsinin qəzaya uğradığı, lakin 2 pilotun xəsarət almadan xilas olduğu qeyd edilib.
Cənubi Koreyalı hərbi ekspertlər son vaxtlar raket sınaqlarını artıran Şimali Koreyanın bu təşəbbüsünü aşkar təxribat kimi qiymətləndiriblər.
Busaat.az























