
Çin “ABŞ-Tayvan yaxınlaşmasına qarşı” adanın ətrafında təlimlər keçirdiyini elan etdi
Çin Tayvan və ABŞ arasında “artan gizli yaxınlaşmaya qarşı” adanın ətrafında hərbi təlimlər keçirdiyini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Qərb Cəbhəsi Komandanlığından açıqlama verilib.
Açıqlamada qeyd olunub: “Çin ordusu Tayvan ətrafında fövqəladə patrul və hücum atəşi təlimləri həyata keçirib”.
Bəyanatda vurğulanıb ki, “təlim ABŞ ilə Tayvan arasında artan gizli yaxınlaşmaya cavabdır”.
Təlim dekabrın 23-də prezident Co Baydenin imzası ilə ABŞ-da “2023-cü il Milli Müdafiə Səlahiyyəti Aktı”nın qüvvəyə minməsindən sonra həyata keçirilib.
2023-cü maliyyə ili üçün müdafiə xərclərini əsaslandıran qanun Çinin çoxölçülü təhdidləri ilə bağlı müddəaları, eləcə də Tayvanın öz müdafiəsini gücləndirməsini dəstəkləmək üçün 5 il ərzində 10 milyard dollara qədər hərbi yardım göstərməyi nəzərdə tutan tənzimləməni ehtiva edib.
Buna qarşılıq olaraq Çin tərəfi, “Tayvan Çinin ərazisidir. Çinin daxili işlərinə heç bir xarici qüvvə müdaxiləsi qəbuledilməzdir” – deyə, etiraz edib.























