
Çin Aİ ilə münasibətlərinə “üçüncü tərəflərin” qarışmasını istəmir
Çin üçüncü tərəflərin Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə qarışmasını istəmir.
Busaat.az xəbər verir ki, bunu Çinin Xarici İşlər naziri Vanq Yi deyib.
Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Vanq İtaliya Baş nazirinin müavini və Xarici İşlər naziri Antonio Tajani ilə telefon danışığında Çinin Aİ-ni özünün hərtərəfli strateji tərəfdaşı olaraq gördüyünü və beynəlxalq şəraitin dəyişməsindən asılı olmayaraq, Avropa ölkələrinin sabitliyi və rifahının tərəfdarı olduğunu bildirib. Aİ-nin strateji muxtariyyətini dəstəklədiklərini vurğulayan Vanq qeyd edib: “Çin-Aİ əlaqələri üçüncü tərəfi hədəf almadığı üçün üçüncü tərəflər tərəfindən məhdudlaşdırılmamalıdır”.
Vanq, həmçinin, İtaliyanın Çinin Aİ ilə əlaqələrində konstruktiv rol oynayacağına ümid etdiklərini bildirib.
Tajani qeyd edib ki, Çin İtaliyanı böyük qlobal güc və əməkdaşlıq tərəfdaşı kimi görür və onlar iki ölkə arasında dialoqu gücləndirməyə və kommunikasiya kanallarını sürətlə yenidən aktivləşdirməklə kritik sektorlarda əməkdaşlığı inkişaf etdirməyə ümid edirlər.
İtaliyanın Çin şirkətlərinin investisiyalarına açıq olduğunu vurğulayan Tajani, Covid sonrası turizm və digər sahələrdə dialoq və əməkdaşlığa çağırıb.
Qeyd edək ki, ötən həftə İndoneziyanın Bali adasında keçirilən G20 Sammiti çərçivəsində Çin prezidenti Si Tsipin və İtaliyanın Baş naziri Giorgia Meloni arasında təkbətək görüş olub. Görüş zamanı iki ölkə arasında dialoqun və iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı oxşar mesajlar verilib.
Busaat.az























