
Çin Hollandiyanı Avropada “körpü” kimi görür
Çinin xarici işlər naziri Çin Qanq Hollandiyanın qloballaşmadan və azad ticarətdən faydalanan bir ölkə olaraq Çin və Avropa arasında “körpü” rolunu oynamağa davam etməsini arzuladıqlarını bildirib.
Busaat.az xəbər verir ki, Çinin xarici işlər naziri Çin Qanq Pekində Çinə səfər edən hollandiyalı həmkarı Wopke Hoekstra ilə görüşündə Çin və Hollandiyanın “iqtisadi əlaqələri pozmaq” və “təchizatı kəsmək” cəhdlərinə qarşı çıxmaqla beynəlxalq ticarətdə parçalanmanın qarşısını almağa çağırıb.
Hollandiyanın Çin-Avropa əməkdaşlığı üçün “körpü” rolunu oynamağa davam etməsini istədiklərini vurğulayan Qanq, bunun Avropanı strateji muxtariyyətə sadiq qalmağa və Çin-Avropa əlaqələrini inkişaf etdirməyə təşviq edəcəyinə ümid etdiyini bildirib.
Hollandiyanın Çinin Avropadakı mühüm əməkdaşlıq tərəfdaşı olduğunu ifadə edən Qanq, iki ölkə arasında iqtisadi, ticarət və investisiya əməkdaşlığını gücləndirmək istədiklərini vurğulayıb.
Hollandiya naziri Hoekstra da ölkəsinin Aİ-Çin dialoqunun gücləndirilməsinin tərəfdarı olduğunu və bunun üçün körpü və vasitəçi rolunu yerinə yetirməyə hazır olduğunu bildirib.
Hoekstra Çin ilə silahlara nəzarət, kiber təhlükəsizlik, süni intellekt sahələrində dialoqu artırmaq, nüvə silahının yayılmaması rejimini birlikdə qorumaq, iqlim dəyişikliyi kimi qlobal problemlərlə birlikdə mübarizə aparmaq istədiklərini ifadə edib.
Busaat.az























