
Çin sülh tərəfdarı kimi görünmək istəyir, eyni zamanda Rusiyaya kömək edir - Blinken
Çin hökuməti Ukraynada sülh tərəfdarı kimi görünməyə çalışır, eyni zamanda müxtəlif vasitələrlə Rusiyaya dəstək verir.
Busaat.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken Euronews telekanalına müsahibəsində deyib.
Çinin Ukrayna ilə barışıq planını və Rusiya-Çin münasibətlərini şərh edən Blinken, deyib: “Məncə, Çin də bunu hər iki yolla əldə etməyə çalışır. O, sülhü inkişaf etdirməyə çalışan tərəf kimi görünmək istəyir, eyni zamanda o, Rusiyanı müxtəlif yollarla dəstəkləməyə davam edir,hətta Rusiyaya ölümcül yardım göstərməyi fikirləşir”.
Diplomatın fikrincə, Çin əsas diqqətini Rusiyanı “Ukraynanın suverenliyinə faktiki hörmət etməyə” inandırmağa və referendumlar zamanı Rusiyaya birləşməyə səs vermiş əraziləri Ukraynaya qaytarmağa yönəltməlidir.
Qeyd edək ki, fevralda Çin Xarici İşlər Nazirliyi Ukrayna məsələsinin siyasi həlli ilə bağlı Pekinin mövqeyini aydınlaşdıran 12 bəndlik sənəd dərc edib. Sənəddə xüsusilə atəşkəs, bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarına hörmət, Ukraynadakı humanitar böhranın həlli, Moskva və Kiyev arasında məhbus mübadiləsi və BMT Təhlükəsizlik Şurasının icazəsi olmayan birtərəfli sanksiyaların rədd edilməsi tələb olunur.
Busaat.az























