Çin və Səudiyyə Ərəbistanı arasında strateji inam formalaşır

image-thumbs_b_c_951e7007b26256022986c559a95ead2abackend

Çin prezidenti Si Tsipin ölkəsi ilə Səudiyyə Ərəbistanı arasında strateji etimadın qurulduğunu bildirib.

Busaat.az xəbər verir ki, bu barədə məlumat Səudiyyə Ərəbistanının SPA xəbər agentliyində yer alıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin dəvəti ilə Çin-Ərəb Ölkələri Zirvəsi üçün Ər-Riyada gələn Tsipin Kral Xalid hava limanında açıqlama verib.

Səudiyyə Ərəbistanına Çin hökuməti və xalqı adından salamlar və sevgilər gətirdiyini bildirən Tsipin, iki ölkə arasında diplomatik əlaqələrin 32 ildir ki, qarşılıqlı anlaşma və dəstək ilə davam etdiyini vurğulayıb.

Ölkəsi ilə Səudiyyə Ərəbistanını etimad, dostluq və tərəfdaşlıq münasibətləri ilə bağladığını izah edən Çin lideri deyib: “Çin və Səudiyyə Ərəbistanı arasında strateji etimad qurulur. İki ölkə arasında praktiki əməkdaşlığa və bütün sahələrdə səmərəli nəticələrə nail olunub. Bundan əlavə, beynəlxalq və regional məsələlərdə güclü koordinasiya qorunub saxlanılıb. İfadə etməliyəm ki, 2016-cı ildə iki ölkə arasında qurulan strateji tərəfdaşlıq əlaqələri sonralar genişləndi. Bu əlaqələr iki xalqın rifahı naminə davam edir. İnkişafın, firavanlığın, sabitliyin möhkəmlənməsinə öz töhfəmi verirəm”.

Tsipin əlavə edib ki, o, Səudiyyə Ərəbistanı kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman ilə beynəlxalq və regional əhəmiyyətli ümumi məsələlər üzrə ikitərəfli münasibətlərin və əlaqələrin inkişafını planlaşdırmaq üçün birgə əməkdaşlıq yollarını ətraflı müzakirə edəcək.

Çin və ərəb ölkələri arasında zirvə toplantısı üçün ilk dəfə Ər-Riyadda olduğunu ifadə edən Tsipin Çin ilə ərəb və körfəz ölkələri arasındakı əlaqələri yeni səviyyəyə çıxarmaq istədiyini qeyd edib.

Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Tsipin 7-9 dekabr tarixlərində rəsmi səfəri zamanı paytaxt Ər-Riyadda keçiriləcək Çin-Ərəb Ölkələri Sammiti və Çin-Körfəz Əməkdaşlıq Təşkilatı Zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, Çin Prezidenti 2016-cı ildə Ər-Riyada olub və 2019-cu ildə Pekində vəliəhd şahzadə Məhəmməd Bin Salman ilə görüşüb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90