“De-facto” ittifaqların “de-jure” dönəmi və yeni sistemin vacibliyi: “Azərbaycan indi böyük oynayır”

“De-facto” ittifaqların “de-jure” dönəmi və yeni sistemin vacibliyi: “Azərbaycan indi böyük oynayır”backend

“Rusiya ilə əməkdaşlığa xələl gətirmədən Şimal qonşumuz ilə münasibətlər həmişə pozitiv yöndə inkişaf etdirilməlidir”.

Busaat.az xəbər verir ki, bunu Vətən Müharibəsində əldə olunan qələbəyə təsir edən amilləri dəyərləndirən REAl Partiyasının icra katibi Natiq Cəfərli bildirib.

Natiq Cəfərliyə görə, iqtidarın doğru hazırlıqları, öncədən ciddi təməllərin atılması, “de-facto” ittifaqların qurulması, müxalifətin düzgün mövqeyi Vətən Savaşının qələbə ilə bitməsinə səbəb oldu:

“Faktiki olaraq Azərbaycan indi böyük oynayır, daha da böyük oynamağa məhkum və məcburdur. Yeni geo-siyasi “oyunda” məmləkətin qarşısında ciddi çağırışlar, böyük təhlükələr, həm də maraqlı, uduşlu perspektivlər var. Azərbaycan Vətən Savaşına hazırlıq dönəmində Türkiyə ilə öncədən olan böyük bağı daha da inkişaf etdirdi və strateji tərəfdaşlığa, hətta kordinə edilən əməkdaşlığa çevirdi. Doğru istiqamətdir, amma yetərli deyil. Növbəti addım kimi Şimal qonşumuzu çox qıcıqlandırmadan, maneçiliklər yaradılmasına imkan vermədən hərbi əməkdaşlığı ciddi müttəfiqlik səviyyəsini qaldırmaq lazımdır. Türkiyə ilə öncə bağlanmış müqavilələri daha da inkişaf etdirmək, adını “baza” qoyub diqqəti üzərimizə çəkmədən qardaş ölkə ilə Azərbaycanın müxtəlif yerlərində Hərbi Təlim və Tədris Mərkəzləri açılmalı, birgə ordu quruculuğu davam etdirilməlidir”.

N. Cəfərli vurğulayıb ki, Vətən Savaşında Azərbaycana ən yaxın açıq, daha çox isə “pərdə arxasında” dəstək göstərən iki vacib dövlət İsrail və Böyük Britaniya olub:

“Bu dəstəyi institutlaşmış hala gətirmək üçün İsraildə səfirlik açılmalı, Britaniya ilə isə bu günlərdə Ukraynanın bağladığı “Hərbi Əməkdaşlıq” müqaviləsinə uyğun sənədlər imzalanmalı, Xəzər dənizindəki əsgərlərimizə Britaniyalıların dərs keçməsi, texniki bazanın yaradılması üçün hüquqi zəmin yaradılmalıdır. Rusiya ilə əməkdaşlığa xələl gətirmədən Şimal qonşumuz ilə münasibətlər həmişə pozitiv yöndə inkişaf etdirilməlidir. Ermənistan ilə Azərbaycan arasındakı sərhədləri ancaq Rusiya vasitəsi ilə dəqiqləşdirib möhkəmləndirmək olar. Bunun üçün Rusiyanın müəyyən istəklərinə də, müvəqqəti olaraq “sülhməramlılarına” da dözmək olar.

İranla münasibətləri yeni təmələ otuzdurmaq lazım gələcək. İran bizim böyük ərazisi və əhalisi olan qonşumuz, potensial böyük bazarımızdır. ABŞ-da Bayden dönəmi başlayan kimi İranla Qərb arasında yenidən körpülər qurulmağa, yeni əməkdaşlıq formatları yaranmağa başlayacaq. Bu yeni formatda Azərbaycan Qərblə İran arasında körpü, Qərb şirkətlərinin İrana yerləşməsi üçün logistik mərkəz ola bilər. ABŞ-la münasibətlər həmişə vacib və önəmlidir. Bayden dönəmində bizə qarşı ənənəvi olan təzyiq mövzuları birdəfəlik həll edilməlidir. İnsan haqları, azadlıqlar, hüququn üstünlüyü kimi sahələrdə daxildə ciddi islahatlar aparılmalı, təzyiq yarada biləcək potensial istiqamətlər daxildə öz həllini tapmalıdır. ABŞ regionu Rusiyaya tam təslim etmək istəməyəcək, biz doğru olanı düzgün edə bilsək, bu məsələdə hər iki ölkə üçün cazibə mərkəzi olaraq dövlət maraqlarımızı təmin edə bilərik. Amma bu çox incə müstəvidir, yeni, daha peşəkar xarici siyasət konsepsiyasi tələb edən mövzudur. Daha səfirlərimiz müğənni, ictimai xadim, ya da siyasi “sürgünə” gedənlər olmamalı, hər ölkədə peşəkar səfirlik komandası formalaşmalıdır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90