
Dişlərinə görə işdən çıxarıldı
Belçikada şirkətdə işə başlayan qadın irsi xəstəlik səbəbiylə dişlərinin göründüyü üçün ilk iş günündə işdən çıxarılıb.
Busaat.az xəbər verir ki, bu barədə Belçika mətbuatı xəbər yayımlayıb.
Adı açıqlanmayan 35 yaşlı qadın işçi 2 il əvvəl sığorta brokeri firmasına iş üçün müraciət edib.
COVID-19 epidemiyası davam etdiyi üçün iş müsahibəsi zamanı maska taxan və epidemiyaya görə diş müalicəsi ləngiyən qadının diş problemləri ilk iş günü işəgötürən tərəfindən problem edilib. Həmin gün qadından öz razılığı ilə işdən çıxması və bir daha işə gəlməməsi barədə sənəd imzalaması tələb olunub.
35 yaşlı qadın ayrı-seçkiliklə mübarizə agentliyi olan UNIA-ya müraciət edib. UNIA qadının işəgötürəni ilə bir neçə görüş istəyib, lakin bu tələblər rədd edilib.
Bunun üzərinə qadın Aalstdakı əmək məhkəməsində işəgötürənə qarşı iddia qaldırıb. İddia zamanı işəgötürən qadının həyati vacib məlumatları gizlətdiyini və iş müsahibəsi zamanı aqressiv davranışlar sərgilədiyini iddia edib.
Hakim işəgötürənin təzminat olaraq 6 aylıq ümumi əmək haqqının ödənilməsi və insanların görünüşünə, əlilliyinə və ya xəstəliyinə görə bir daha ayrı-seçkilik etməməsinə qərar verib.
Busaat.az























