
Dünyanın ən böyük logistika şirkətlərindən biri “müharibə sponsoru” kimi tanınıb
Ukraynada dünyanın ən böyük liman operatorlarından biri olan DP World-u (BƏƏ) “müharibənin beynəlxalq sponsorları” siyahısına əlavə edilib.
Busaat.az xəbər verir ki, bu barədə Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyin saytı məlumat yayıb.
Qərara səbəb şirkətin Rusiya ilə əməkdaşlığının genişləndirilməsi olub. Söhbət operatorla “Rosatom” dövlət korporasiyası arasında Şimal dəniz yolunun inkişafı üzrə sazişin bağlanmasından gedir.
Agentliyin məlumatına görə, DP World Ukraynada dəniz nəqliyyatı sənayesinin vəziyyəti barədə məlumatlara malikdir. O, həmçinin Ukrayna buğdasının, o cümlədən “taxıl sazişi” çərçivəsində daşınması ilə məşğuldur.
Xatırladaq ki, DP World Dubayda yerləşən dünyanın ən böyük logistika şirkətlərindən biridir. Şirkət, yük logistikası, liman terminalı əməliyyatları, dəniz xidmətləri və azad ticarət zonaları üzrə ixtisaslaşmışdır. O, 40-dan çox ölkədə 82 dəniz və daxili terminala xidmət göstərir. Hər il şirkət 70 milyon konteyner emal edir ki, bu da 70 mindən çox gəmi tərəfindən daşınır. Mütəxəssislərin fikrincə, bu, qlobal konteyner daşımalarının 10 faizini təşkil edir.
Busaat.az























