Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi bu gün “Əl-Qaidə” terror təşkilatının nüfuzlu nümayəndəsi Əbu Möhsün Əl-Məsrinin məhv edildiyini elan edib.
Busaat.az xəbər verir ki, təşkilatın Hindistan-Pakistan bölgəsində, eləcə də Əfqanıstanda ikinci şəxsi hesab edilən Əl-Məsri Əfqanıstanın mərkəzi hissəsindəki Qəzni əyalətində zərərsizləşdirilib.
Milli Təhlükəsizlik İdarəsi əməliyyatla bağlı hər hansı bir detalı açıqlamayıb.
Əl-Məsrinin adı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dünyanın ən çox axtarılan terrorçuları siyahısında olub. Xarici terror təşkilatına üzv olmaq və ABŞ vətəndaşlarına sui-qəsd hazırlamaq ittihamı irəli sürüldükdən sonra 2018-ci ilin dekabrında ABŞ-da haqqında həbs qərarı çıxarılıb.