
Elon Mask “dünyanın ən varlı” titulunu geri aldı
ABŞ-li iş adamı Elon Mask, Louis Vuitton brendinin də daxil olduğu lüks istehlak malları qrupu LVMH-nin prezidenti Bernard Arnaultdan geri qaldığı “dünyanın ən zəngin adamı” titulunu yenidən qazanıb.
Busaat.az xəbər verir ki, United Press International-ın (UPI) məlumatına görə, aprel ayında liderliyini Arnaulta itirən Mask LVMH-nin səhmləri ucuzlaşdıqdan sonra “dünyanın ən zənginləri” siyahısında birinci yeri tutub.
Bloomberg Milyarderlər İndeksinin “Dünyanın ən zəngin 500 adamı” siyahısına əsaslanan xəbərə görə, Twitter, Tesla və SpaceX-in sahibi Mask 192 milyard dollar təxmin edilən xalis sərvəti ilə siyahıya başçılıq edir.
Qeyd edək ki, Arnault aprel ayında reytinqdə 211 milyard dollarlıq sərvətlə Maskı geridə qoymuşdu və LVHM şirkətinin səhmlərinin dəyər itirməsi səbəbindən sərvəti 187 milyard dollara qədər azalıb.
Bildirilir ki, LVMH-nin səhm dəyəri son bir ayda yüzdə 10 dəyər itirərkən, Arnaultun sərvəti buna uyğun olaraq bir gündə 11 milyard dollar azalıb.
“Dünyanın ən zəngin adamları” siyahısında Amazonun sahibi Ceff Bezos 144 milyard dollar sərvətlə 3-cü, Microsoft-un sahibi Bill Qeyts isə 125 milyard dollarla siyahıda 4-cü yerdə qərarlaşıb.
Busaat.az























