Ərdoğan: “Prezidentliyə yenidən namizədliyimi irəli sürməyəcəyəm”

image-qpbrvontypjrt1omlqwclbzaqozcz5lnm0jshm6e_1200backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin növbədənkənar seçki çağırışlarına münasibət bildirib.

Busaat.az-ın “En Son Haber”ə istinadla verdiyi məlumata görə, bu barədə o, Macarıstandan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

O, Türkiyənin hazırda tarixinin ən güclü dövrünü yaşadığını vurğulayıb.

“Türkiyəni belə bir çətinliyə salmarıq, buna ehtiyac da yoxdur. Türkiyə hazırda tarixinin ən sabit və güclü dövrünü yaşayır. CHP-nin hər məğlubiyyətdən sonra vaxt keçdikcə “növbədənkənar seçki” çağırışlarına başlaması yeni deyil. Onlar bu çağırışlara sərf etdikləri vaxtı xalqa xidmətə sərf etsələr, bəlkə də xalqın rəğbətini qazana bilərlər”.

O vurğulayıb ki, hazırda parlamentdə ara seçki tələb edən bir vəziyyət də yoxdur.

“Millət vəkilləri beş il üçün seçiliblər. Özgür Bəyin dediyi də əslində növbədənkənar seçki yox, ara seçkidir – bunlar fərqli anlayışlardır. Biz ölkəni riskə atacaq belə çağırışlara icazə vermərik. İqtisadiyyatda, təhlükəsizlikdə və xarici siyasətdə böyük uğurlar əldə edirik. Bu sabitliyi pozmağa imkan vermərik”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident, həmçinin bildirib ki, yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyəti yoxdur, lakin ölkəyə yeni konstitusiya lazımdır.

“Mən yenidən seçilmək və ya yenidən namizədliyimi irəli sürmək niyyətində deyiləm. Bizi yalnız ölkəmizin nüfuzunu necə artıra biləcəyimiz narahat edir. Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni bir dövrdə yaşayırıq. Belə sürətlə dəyişən dünyada köhnə Türkiyədə dövlət çevrilişi şəraitində yaradılmış və hələ də çevriliş mentalitetini qoruyub saxlayan konstitusiya ilə nəyəsə nail olmaq mümkündürmü? Türkiyə artıq çevrilişçilər tərəfindən yazılmış və təklif edilmiş konstitusiya ilə gələcəyə doğru irəliləyə bilməz. İndi bizə qiyamçılar tərəfindən deyil, mülki şəxslər tərəfindən təklif olunan konstitusiya lazımdır”, – deyə o vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki