Ərdoğan Vyanada terrorçulara müdaxilə edən türk gənclərlə danışdıbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriyanın paytaxtı Vyanadakı terror hücumu zamanı yaralanmasına baxmayaraq, digər yaralılara kömək edən və vurulan polis əməkdaşını təcili tibbi yardım maşınına çatdıraraq həyatını xilas edən Rəcəb Tayyib Gültəkin və Mikayıl Özənlə telefonda danışıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə Prezidenti yaralanan Rəcəb Tayyib Gültəkinin səhhəti ilə maraqlanıb və ona şəfa diləyib. R.T.Ərdoğan dostu Mikayıl Özənlə birlikdə polis əməkdaşına kömək etmiş R.Gültəkinə “səninlə qürur duyuruq” deyib.

“Avstriyalılara kömək etməyə davam edin. Onlar bəlkə də bizi anlamaya bilərlər, ancaq biz onları anlayırıq. Çünki biz yaradılanları Yaradana görə sevdik, dininə baxmadıq, məzhəbinə baxmadıq. “Sadəcə insan olması bizim üçün yetər” dedik və bu yola davam edirik. Mən bilirəm ki, bəzən Avstriyada çox çətinliklər çəkmisiniz. Hələ də çox ciddi çətinlikləriniz var. Müsəlman olmaqdan başqa onlar üçün heç bir günahınız yoxdur. Ancaq bizim üçün də müsəlman olmaq ən vacib iftixar məsələsidir.

Terrorla, terrorizmlə ən böyük mübarizəni biz aparmışıq və buna davam edirik. Olduğunuz hər yerdə yaxşılığın, sülhün, gözəlliyin təmsilçisi olacağınızdan əminəm. Millətim, ailəm və öz adımdan sənə təşəkkür edirəm, gözlərindən öpürəm. Allah yar və köməkçiniz olsun”, – deyə Türkiyə lideri vurğulayıb.