
Ərdoğanın rəhbərliyi ilə Ulu Öndər Atatürkün anım mərasimi keçirilib - FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılğı ilə dövlət səlahiyyətliləri Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkü Anıtkabirdə ehtiramla yad edib.
Busaat.az xəbər verir ki, Anıtkabiri ziyarətində Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, sədr müavini Fuat Oktay, Prezident kabinetinin üzvləri, CHP sədri Kamal Kılıçdaroğlu, MHP sədri Dövlət Baxçalı, İYİ Partiya sədri Meral Akşener, yüksək məhkəmə orqanlarının rəhbərləri, təhlükəsizlik qüvvələri komandirləri, siyasi partiya nümayəndələri, bürokratlar və digər dövlət məmurları müşayiət edib.
Ərdoğan Atatürkün məqbərəsi üzərinə qırmızı və ağ qərənfillərdən ibarət ay-ulduzlu çələng qoyub.
Atatürk 84 il əvvəl dünyasını dəyişdiyi saat 09:05-də bir dəqiqəlik sükutla yad edilib, daha sonra isə İstiqlal Marşı səsləndirilib.
Sükut zamanı Türkiyə bayrağı yarıya qədər endirilib.
Prezident Ərdoğan və mərasimdə iştirak edən dövlət rəsmiləri daha sonra Milli Pakt Qülləsinə gedib.
Burada Anıtkabir Xüsusi Kitabını imzalayan Ərdoğan aşağıdakıları yazıb:
“Hörmətli Atatürk, vəfatınızın 84-cü ildönümündə sizi, qəhrəman döyüş yoldaşlarınızı və müstəqilliyimizi canları bahasına müdafiə edən şəhidlərimizi bir daha anırıq. “Ən böyük əsərim” dediyiniz Türkiyə Cumhuriyyətini 85 milyon olaraq “Türkiyə yüzili” idealları ilə daha güclü və daha prestejli bir şəkildə gələcəyə hazırlayırıq. Millətimizin çoxəsrlik arzularını reallaşdırana qədər dayanmayacaq, hücumlar qarşısında təslim olmayacaq, mübarizəmizi əzmlə davam etdirəcəyik. Ruhunuz şad olsun”. Mərasimlə əlaqədar olaraq Anıtkabir ətrafında sıx təhlükəsizlik tədbirləri görülüb. Dövlət mərasimindən sonra Anıtkabir ziyarət üçün ictimaiyyətin ixtiyarına verilib.
Busaat.az


























