
Ermənistan ABŞ-nin rəhbərlik etdiyi daha 2 hərbi təlimdə iştirak etməyi planlaşdırır
Xəbər verdiyimiz kimi, cümə axşamı Pentaqonun saytında ABŞ-nin rəhbərlik etdiyi “Defender 2023” çoxmillətli hərbi təlimi ilə bağlı bəyanatında Ermənistan da iştirakçı ölkələr siyahısında yer alıb. Lakin bir müddət sonra ABŞ Müdafiə Nazirliyi bu bəyanatı redaktə edib və Ermənistan artıq iştirakçılar siyahısından çıxarılıb.
Busaat.az xəbər verir ki, “Armenpress” məsələyə aydınlıq gətirmək üçün Ermənistan müdafiə nazirinin mətbuat katibi Aram Torosyana müraciət edib.
Nəhayət, Ermənistan Silahlı Qüvvələrinin həmin hərbi təlimdə iştirak edib-etməyəcəyi ilə bağlı suala o, belə cavab verib: “Ermənistan Müdafiə Nazirliyi bu il ABŞ-nin Avropadakı quru qoşunlarının komandanlığı tərəfindən təşkil olunan daha iki hərbi təlimdə iştirak etməyi planlaşdırır: KFOR (Kosovo Qüvvələri) və Saber Junction hərbi təlimləri”.
Açıqlamadan məlum olduğu kimi, ABŞ Ermənistanı “Defender 2023” çoxmillətli hərbi təlimlərindən çıxarıb. Ermənistan tərəfi isə, bu uğursuzluğu gizlətməyə, başqa vədlərlə konpensasiya etməyə çalışır.
Busaat.az























