Ermənistan narahatdır, yoxsa yeni təxribata hazırlaşır?

Ermənistan narahatdır, yoxsa yeni təxribata hazırlaşır?backend

İyulun 12-də Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatını törətdi. Məqsəd üçüncü tərəfləri münaqişəyə cəlb etmək və həmin ərazidən keçən mühüm iqtisadi infrastrukturumuzu təhdid etmək idi. Bu infrastruktur ölkəmizin həyatında şah damar funksiyasını yerinə yetirir desək, yanılmarıq. Tovuz bölgəsindən keçən neft-qaz kəmərlərinin, nəqliyyat infrastrukturunun geosiyasi əhəmiyyəti də danılmazdır.

Təxribatın qarşısı alındıqdan sonra məlum oldu ki, iyulun 17-dən etibarən Rusiyadan Ermənistana bir neçə ölkənin hava məkanı üzərindən təyyarələrlə 400 tondan çox hərbi-texniki təyinatlı yük daxil olub. Bu əməliyyat sentyabrın 2-ə qədər davam edib. Elə həmin dövrdə S.Sarqsyan belə bir açıqlama yaydı ki, onun rəhbərliyi dövründə Rusiyadan Ermənistana maddi qarşılığı olmadan 50 min ton həcmində hərbi yük göndərilib. Bunlar aşkar edilən və rəsmi şəkildə etiraf olunanlardır.

Şübhəsiz ki, hərbi təyinatlı yükün çox cüzi bir hissəsinin Rusiyanın Ermənistan ərazisində yerləşən hərbi bazasına aidiyyatı ola bilər. Başqa sözlə, bu, işğalçıya göstərilən hərbi yardım anlamına gəlir, özü də ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçiliyi yerinə yetirən ölkələrdən biri tərəfindən. Ermənilərin təxribatından az sonra başqa bir hadisənin də şahidi olduq. Rusiya və Ermənistanın birgə hərbi təlimlərinə start verildi. Məqsədli şəkildə belə bir açıqlama da yayıldı ki, təlimlər əvvəlcədən planlaşdırılıbmış…

Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi əməkdaşlıq sazişinə əsasən iyulun 29-dan avqustun 10-dək ölkəmizdə birgə hərbi təlimlərimiz keçirildi. Bildiriləndə ki, təlimlər illik plana uyğun şəkildə aparılır, nədənsə bu açıqlama qıcıqla qarşılandı. Tovuzda qarşıdurma zamanı Türkiyənin sərt təpkisi, rəsmi dairələri tərəfindən Azərbaycana verilən açıq dəstək bəyanatları Ermənistanda təşvişlə qarşılandı. Onu ciddi narahat edən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il 25 fevral tarixində bağlanmış Sazişdir, Türkiyənin başqa bir hərbi blokun-NATO-nun üzvü olmasıdır…

Yumşaq ifadə etsək, Ermənistanın əndişəsi heç bir sağlam məntiqə sığmır və absurddur. Ona görə ki, birincisi, narahatlıq ifadə edən ölkə işğalçı tərəfdir, ikincisi, ərazisində xarici dövlətin hərbi bazası yerləşir, üşüncüsü, bu dövlətdən havayı hərbi yardım almaqda davam edir, dördüncüsü, həmin dövlətlə birgə öz ərazisində mütəmadi genişmiqyaslı hərbi təlimlər keçirir, beşincisi, açıq hərbi dəstək aldığı dövlət münaqişədə tərəfsiz vasitəçilik öhdəliyini üzərinə götürən həmsədrlərdən biridir, altıncısı, həmin ölkə ilə eyni hərbi blokda təmsil olunur… Ermənistanın apardığı işğalçı siyasət, ara vermədiyi təxribatlar, davranışındakı məntiqsizlik onu faktiki olaraq “absurdistan” adlı bir ölkəyə çevirib.

Gəlin, absurd davranışın səviyyəsinə nəzər yetirək. Bu ölkə az qala 30 ildir ki, Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlayır. Amma iddia edir ki, sülh tərəfdarıdır. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində ondan tələb olunur ki, işğal etdiyi ərazilərdən dərhal, qeyd-şərtsiz çıxsın, azərbaycanlılar öz doğma yurdlarına qayıtsın. 27 ildir ki, buna əməl etmir, amma israr edir ki, təcavüzkar deyil. Absurdluğun sərsəm həddi o yerə gəlib çatıb ki, hətta münaqişədə tərəf olmadığını da zaman-zaman dilə gətirir. Sən işğalçı, münaqişədə tərəf deyilsənsə, az qala 30 ildir ki, danışıqlar masasında Azərbaycan tərəfi kiminlə üz-üzə əyləşir? ABŞ, Fransa və Rusiya hansı dövlətlərin arasında vasitəçilik edir? Ermənistan illər boyu bəyan edib ki, güya danışıqlarda konstruktiv mövqe tutub və onlara ziyan vuracaq hərəkətlərə yol verməyib. Bu isə riyakarlığın son həddidir. Elə ay olmur ki, Paşinyan, onun (onunmu?) müdafiə naziri, qərargah rəisi, digər rəsmiləri Qarabağa – Azərbaycan ərazilərinə səfər etməsinlər. Təxribatın qaşı-gözü olmur.

Dırnaqarası “inaqurasiyanı” Azərbaycan ərazisində keçirən Paşinyan və onun ətrafı deyildimi? Özü də harada? Şuşada. Adətən deyirlər ki, terrorun-təxribatın milliyəti olmur. Mən isə təkid edirəm ki, bu, sırf erməni təxribatıdır. Əgər belə deyilsə, qoy onlara məlum olan ünvanı açıb göstərsinlər. Belə davranış danışıqlara “konstruktiv töhfə” kimi təqdim olunursa, bu o deməkdir ki, düşmənin daha çirkin təxribatları hələ qarşıdadır. Ermənistanın yeni hərbi doktrinasında açıq şəkildə göstərilir ki, “yeni müharibə-yeni ərazilər” onun seçdiyi yoldur.

Suriyadan və Livandan olan etnik ermənilərin Qarabağda məskunlaşdırılması Ermənistanın ilhaq siyasətinin tərkib hissəsidir. Bütün bu hərəkətlərin fonunda işğalçı açıq şəkildə etiraf edir ki, danışıqların sonsuza qədər davam etməsində, status-kvonun saxlanılmasında maraqlıdır. Bu yaxınlarda Rusiya Xarici İşlər nazirliyi tərəfindən “Madrid Prinsipləri” yenidən gündəmə gətirildi.

Ermənistan dərhal bəyan etdi ki, danışıqlar masasında heç vaxt belə bir şey olmayıb və bu gün də yoxdur. Belə bir açıqlama absurd deyildirsə, onda adı nədir? Təəssüf ki, danışıqların süni şəkildə uzadılmasına xidmət edə biləcək təhlükələri indidən müşahidə etməkdəyik. Analogiyası da mövcuddur.

Ukraynanın Donbas və Luqansk vilayətlərindəki vəziyyətlə bağlı Minskdə bir Həll protokolu imzalanmışdı. İşləmədi. Səbəb kimi o göstərildi ki,münaqişə tərəfləri protokolu fərqli şəkildə impretasiya edirlər. Rəsmi xarici qaynaqlar, beynəlxalq ekspertlər artıq indidən işarə vururlar ki, ”Madrid Prinsipləri”nin təfsirinə tərəflər fərqli yanaşırlar. Amma ən doğrusu o olardı ki, 26 il ərzində ərsəyə gələn bu və ya başqa bir sənəd fərqli şərhlərə yer qoymasın. Növbəti 26 il də fərqli təfsirlərin eyniləşməsinə sərf olunmasın. Hörmətli həmsədrlər, xahiş edirik, elə edin ki, bu, baş verməsin.

Beynəlxalq hüquqi aktların təsnifatında üstünlük təşkil edən BMT TŞ-nın məlum qətnamələri ortada olduğu halda, fərqli şərhlərə ipucu verən sənədlərə nüfuzlu dövlətlərin səyini və vaxtını sərf etməyə gərək varmı?! İşğalçı Ermənistan da elə ona ümid edir ki, həmsədrlər öz missiyasını yalnız tərəflərin görüşünü təşkil etməklə bitmiş hesab edəcəklər…

Yaxşı bilirik ki, regionda xüsusi marağı və güc sahibi olan ölkə Rusiyadır. Eyni zamanda, iddia etdiyi kimi, o, vasitəçilər arasında həlledici rol oynayır. Son 27 il ərzində Azərbaycan Rusiyaya yaxın qonşu, strateji müttəfiq gözü ilə baxıb. Rus dilinə, rus mədəniyyətinə ölkəmizdə göstərilən diqqət və həssas münasibət də göz önündədir. Hərbi bazasının yerləşdiyi və təmənnasız hərbi yardımlar göstərdiyi Ermənistanda rus dilinə açılan savaş, rus mediasına qarşı həyata keçirilən səlib yürüşü Rusiyanın siyasi dairələri və ictimaiyyəti üçün də artıq sirr deyil. Azərbaycan bundan artıq nə etməlidir ki, səmimiyyətinin və mehriban qonşuluğunun müqabilində haqq etdiyi səmimiyyəti görə bilsin?! Azərbaycan Ermənistan deyil. Suverenliyimiz, ərazi bütövlüyümüz heç vaxt alver predmeti olmayıb, deyil və olmayacaq. Səmimi qonşuluq, müttəfiqlik münasibətlərimizdə dövlətimiz tərəfindən şübhə üşün kimlərəsə əsas verilməyib. O, Ermənistandır ki, siyasi hakimiyyətin zirvəsinə qalxan fərdlərin mövqeyindən asılı olaraq, siyasi oriyentasiyasını da dəyişə bilir, onu alver predmetinə çevirməyi də. Eynən bugünkü kimi, N.Paşinyanın etdiyi tək. Kimləri isə belə əqidədə olan müttəfiq qane edirsə, cəmiyyətimiz buna mane olmaq fikrində deyil. Konkret davranış nümunələri də, mane ola bilməyəcəyimizi cəmiyyətimizə göstərməmiş deyil…

Xalqımız isə çox şey istəmir. Heç kimə qarşı ərazi iddiasında deyil. Görmək istədiyi, strateji müttəfiq gözü ilə baxdığı dövlətin, eləcə də digər həmsədrlərin-ABŞ və Fransanın ədalətli yanaşması, ədaləti bərpa etməsidir. Cəmiyətimiz inanmaq istəmir ki, kiçik bir Ermənistanın işğal siyasətinə, absurd davranışına, təxribatlarına dünya gücləri dayan, həddini bil, başqasına mənsub olanı ona qaytar deməkdə acizdirlər. Cənablar, haqlı cəmiyyətin və xalqın inamını qırmaq olmaz. İnam tükənən yerdə haqqını tələb edən xalqın yalnız bir yolu qalır: əlləri günahsız azərbaycanlıların, qadın, uşaq və qoca bilmədən qanına batmış, Qarabağı “su yoluna” döndərmiş Ermənistanın siyasi rəhbərliyinə və Qarabağdakı əli silahlılarına andranikin aqibətini xatırladıb yaşatsın…

Ermənistan mətbuatından, rəsmilərinin açıqlamalarından, N.Paşinyanın xanımının Ermənistan ərazisində deyil, Qarabağda əli avtomatlı paylaşdığı fotoşəkillərindən görünən odur ki, işğalçı yeni təxribatlara hazırlaşır, ideoloji məşq dövrünü yaşayır. Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən əndişələnmələri də növbəti erməni absurdudur, cızdıqları planın, hiyləgər informasiya təbliğatının sapı sökük astarıdır…

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyyətini avqustun 13-də qəbul edərkən Azərbaycan Prezidenti cənab İlham Əliyev öz ərazisində xarici dövlətlə birgə hərbi təlim keçirməkdə heç bir qüsur görməyən işğalçı Ermənistana və dünya birliyinə belə bir ismarıc verdi: “Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.

Narahatlıq içərisində olduğunu bəyan edən Ermənistan əndişəsinə birdəfəlik, tarixi nida işarəsini qoymaq istəyirsə, ya işğal etdiyi torpaqlarımızdan çıxmalıdır, ya da çıxarılmalıdır! Alternativi yoxdur.

Ehtiyatlanmadan eyni coğrafi məkanda birgə yaşamağın qaydası budur.

Milli Məclisin deputatı
Ülvi Quliyev

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90