
Estoniya Ukraynaya 113 milyon avro hərbi yardım ayıracaq
Estoniya hakimiyyəti bu gün Kiyevə hərbi yardım paketinin göndərilməsinə razılıq verib.
Busaat.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
Agentliyin məlumatına görə, Tallin Ukraynaya onlarla 155 və 122 millimetrlik haubitsa, minlərlə mərmi, yük maşını və yüzdən çox “Karl-Qustav” tank əleyhinə qumbaraatan təhvil verəcək.
Baş nazir Kaja Kallas bəyanatında bildirib ki, Ukraynaya öz müstəqilliyini müdafiə etməkdə kömək etməklə onlar bütün xalqların, o cümlədən Estoniyanın azadlıq və demokratiya hüququnu müdafiə edir.
Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, nümunə olmaq və bununla da digər müttəfiqləri Ukraynaya yardım göstərməyə həvəsləndirmək vacibdir. O, Kiyevə hərbi yardımın Estoniyanın müdafiə qabiliyyətini azaltmadığını vurğulayıb.
Göndərilən silahların dəyəri 113 milyon avro təşkil edəcək. Beləliklə, Estoniyanın Kiyevə ümumi hərbi yardımı 370 milyon avroya yüksələcək. Estoniya Avropa Sülh Fondundan çəkdiyi xərclərin kompensasiyasını tələb edəcək.























