
Finlandiyanın NATO-ya üzv olduqdan sonra öz ərazisində nüvə silahı yerləşdirmək planları yoxdur
Finlandiya NATO-ya üzv olduqdan sonra öz ərazisinə nüvə silahı gətirmək niyyətində deyil.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Yle xəbər portalı Finlandiya prezidenti Sauli Niinistoya istinadən yayıb.
Portalın məlumatına görə, Niinisto milli müdafiə kursunun açılışında çıxış edərkən bildirib ki, finlərə bu cür silahlar təklif edildiyinə dair heç bir sübut yoxdur.
Finlandiya prezidenti əlavə edib: “Nüvə silahları NATO-nun çəkindirmə qüvvələrinin tərkib hissəsidir. Lakin onlar özlüyündə proritet deyil, sadəcə mövcud təhlükələrin qarşısının alınması vasitəsidir”.
Bundan əvvəl Finlandiya Xarici İşlər naziri Pekka Haavisto hökumətin NATO-ya üzvlük təklifi layihəsini şərh edərkən bildirmişdi ki, Finlandiyanın öz ərazisində bu cür silahların yerləşdirilməsi məqsədi yoxdur.
Qeyd edək ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya üzvlük üçün müraciət edib. Lakin Türkiyə həmin müraciətləri bu ölkələrin terror təşkilatlarını müdafiə etmələrini əsas gətirərək və 2016-cı ildə dövlət çevrilişinə cəhd edən şəxslərin Ankaraya təhvil verilməsini tələb edərək, həmçinin Türkiyəyə silah tədarükünə qoyulan qadağaları aradan qaldırmadıqlarını bildirərək bloklayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 28-də Madriddə keçirilən NATO sammiti ərəfəsində Finlandiya prezidenti Sauli Niinisto, İsveçin Baş naziri Maqdalena Andresson və NATO-nun baş katibi Yens Stoltenberq ilə danışıqlar aparıb. Danışıqlar nəticəsində Türkiyənin istəklərinin yerinə yetirilməsi və bundan sonra İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı memorandum əldə olunub. Bu qərar alyansın bütün üzv dövlətləri tərəfindən ratifikasiya olunacaq.
Busaat.az























