2023-cü il fizika üzrə Nobel mükafatı fransalı amerikalı Pier Aqustin, macar-avstriyalı alim Ferenc Krausz və fransız Anne L’Huillierə verilib.
Busaat.az-ın məlumatına görə, bu barədə İsveç Kral Elmlər Akademiyasının Nobel Komitəsi açıqlama yayıb.
Mükafat “maddədə elektron dinamikasının öyrənilməsi üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullara görə” verilib.
“Fizika üzrə 2023-cü il üzrə üç Nobel mükafatçısı bəşəriyyətə atom və molekulların içərisində elektronlar dünyasını araşdırmaq üçün yeni alətlər verən təcrübələrinə görə tanınır. Pierr Aqustin, Ferenc Krausz və Anne L’Huillier elektronların hərəkət etdiyi və ya enerji dəyişdirdiyi sürətli prosesləri ölçmək üçün istifadə oluna bilən son dərəcə qısa işıq impulsları yaratmağın bir yolunu nümayiş etdirdilər”, – deyə komitə bildirib.
“Biz indi elektronlar dünyasına qapı aça bilərik. Attosaniyə fizikası bizə elektronlar tərəfindən idarə olunan mexanizmləri başa düşmək imkanı verir. Növbəti addım onlardan istifadə etmək olacaq”, – Fizika üzrə Nobel Komitəsinin sədri Eva Olsson deyib.
Nobel Komitəsinə görə, bu kəşfin bir çox müxtəlif sahələrdə potensial tətbiqləri var.
“Məsələn, elektronikada elektronların materialda necə davrandığını anlamaq və nəzarət etmək vacibdir. Attosaniyə impulsları tibbi diaqnostika kimi müxtəlif molekulları müəyyən etmək üçün də istifadə oluna bilər”, – komitədən bildiriblər.