
Fransa Afrikaya hakim rəftardan əl çəkməlidir - Feliks Tşisekedi
Fransa və Qərb Afrikaya hakim münasibətdən əl çəkməlidir.
Busaat.az xəbər verir ki, bu sözləri Konqo Demokratik Respublikasının prezidenti Feliks Tşisekedi Fransa prezidenti Emmanuel Makrona söyləyib.
Makron Afrika turu çərçivəsində Konqo Demokratik Respublikasına (KDC) səfəri zamanı həmkarı Tşisekedi ilə təkbətək görüş keçirib.
Görüşdən sonra prezidentlər jurnalistlərin suallarını cavablandırıb.
Fransa və Qərbin Afrika ölkələrinə hörmətlə yanaşması, hakim rəftardan əl çəkməsi və əsl tərəfdaş kimi davranması lazım olduğunu vurğulayan Tşisekedi deyib: “Atalarımız kimi deyil, bizə fərqli baxın”.
Makron Qabon, Anqola, Konqo Respublikası və Konqo Demokratik Respublikasına səfər etməzdən əvvəl ölkəsinin yeni Afrika siyasətini açıqlayıb.
O, ölkəsini Afrikada hər kəslə müzakirə aparan, qitə ölkələrinin daxili işlərinə qarışma niyyəti olmayan tərəfsiz bir həmsöhbət kimi xarakterizə edib.
Fransa prezidenti afrikalılara məxsus mədəni sərvətlərin geri qaytarılması üçün işlərə başladıqlarını bildirib.
Makron, həmçinin Fransanın qitədəki hərbi bazalarının sayını azaldacağını vurğulayıb.
Busaat.az























