
Fransa Senatı 15 yaşa qədər uşaqların internetdən istifadəsini məhdudlaşdırır
Fransa Senatı 15 yaşından kiçik istifadəçilərin internet resurslarında qeydiyyatdan keçməsini və valideynlərinin razılığı ilə sosial media platformalarından istifadə etməsini tələb edən qanun layihəsini qəbul edib.
Busaat.az xəbər verir ki, qəbul edilən qanun layihəsi 15 yaşına çatmamış uşaqların sosial media platformalarında qeydiyyatdan keçmək üçün valideynlərindən icazə almasını tələb edir.
Müvafiq olaraq, platformalar istifadəçilərin yaşını və yetkinlik yaşına çatmayanların valideynlərindən icazə alıb-almadığını yoxlamaq üçün sistemdən istifadə etməlidirlər.
Qaydalara riayət etməyən platformalar dünya üzrə dövriyyəsinin 1%-i qədər cərimələnə bilər.
Qanun layihəsi ilə sosial media platformaları sosial mediada zorakılığın qarşısının alınması üçün mesajlar dərc edəcək.
Qanunla valideynlər platformalardan 15 yaşlı uşaqlarının sosial media hesablarının dayandırılmasını tələb edə biləcəklər.
Qanun layihəsi, həmçinin sosial media və onlayn platformaların məhkəmə araşdırmaları çərçivəsində elektron məzmunla bağlı hüquqi müraciətlərə 10 gün ərzində cavab vermək öhdəliyini də əhatə edir. Platformalara verilən bu müddət şəxsə və ya əmlaka ciddi ziyan vurma riski olduqda maksimum 8 saatdır.
Əvvəllər Milli Məclisdə qəbul edilən qanun layihəsi 14 deputatdan ibarət birgə komissiyada müzakirəyə çıxarılacaq.
İnformasiya və Azadlıqlar üzrə Milli Komissiyanın (CNIL) məlumatına görə, Fransada 10-14 yaşlı uşaqların 82 faizi internetdən valideynlərinin razılığı olmadan istifadə edir.
CNIL-in 2021-ci ildə apardığı araşdırmaya görə, ölkədə ilk dəfə sosial media platformasına qeydiyyatdan keçmə yaşı 8 yaşa enib.
Busaat.az























