
Fransada 1,3 milyon insan pensiya islahatına etiraz etdi
Çərşənbə axşamı Fransanın müxtəlif şəhərlərində təxminən 1,3 milyon insan pensiya islahatına etiraz etmək üçün küçələrə çıxıb.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.
Martın 7-də Parisdə 80 000-dən çox insan toplaşıb, fevralın 16-da analoji mitinqin 37 000 iştirakçısı olub.
Öz növbəsində, CGT həmkarlar ittifaqı Fransa paytaxtında keçirilən mitinqlərə 700 000-ə yaxın iştirakçının toplaşdığını bildirən statistikasını dərc edib.
Etirazlar Fransanın ən azı üç şəhərində zorakılığa çevrilib. Parisdə polislə nümayişçilər arasında silsilə toqquşmaların olduğu bildirilib və polis şüşə və daş atıldıqdan sonra etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. 43 nəfər saxlanılıb. Bu arada 6 etirazçının saxlanıldığı Lionda 35 polis əməkdaşı yaralanıb. Çərşənbə axşamı təxminən 30 000 insanın küçələrə çıxdığı Nantdan da zorakılıq xəbərləri gəlib.
Etirazlar, həmçinin Brest (22 000 iştirakçı), Renn (19 000), Pau (15 000), Turlar (11 000), Strasburq (9 500) və digər şəhərlərdə keçirilib.
“Intersyndicale” təşkilatının məlumatına görə, martın 11 və 15-də daha çox etiraz aksiyası keçiriləcək.
Busaat.az























