
Fransada etirazçılar Luvr muzeyinin girişini bağladı
Fransada hökumətin mübahisəli pensiya islahatına etiraz edən yüzlərlə nümayişçi paytaxt Parisdəki Luvr muzeyinin girişini bağlayıb.
Fransada iki aylıq kütləvi etirazlardan sonra pensiya yaşının mərhələli şəkildə 64-ə qaldırılmasını nəzərdə tutan islahat haqqında qanun layihəsi Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən istifadə edilməklə Milli Məclisdə səsverməyə çıxarılmadan qəbul edilib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Parisdə toplaşan yüzlərlə etirazçı dünyanın ən böyük sənət muzeyi olduğu bildirilən Luvr Muzeyinin girişini bağlayıb.
Əllərində Ümumi Əmək Konfederasiyasının (CGT) bayraqları olan etirazçılar “Mona Liza tətildədir”, “Az işlə, daha çox yaşa” və “Biz geri çəkilməyəcəyik” şüarları səsləndiriblər.
Luvr Muzeyinin rəsmi internet saytında mövzu ilə bağlı açıqlamada qeyd edilib: “Fransada tətillər səbəbiylə muzey bu səhər açıla bilməyəcək. Yaranmış narahatçılığa görə üzr istəyirik. Anlayışınız üçün təşəkkür edirik”.
Ölkə boyu etirazlara səbəb olan islahatlara əsasən, Fransada pensiya yaşı sentyabrın 1-dən etibarən hər il mərhələli şəkildə 3 ay artırılacaq. Pensiya yaşı 2027-ci ildə 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa çatacaq. 2027-ci ildən tam pensiya almaq üçün 43 il işləmək lazım olacaq.
Busaat.az























