
Fransada iğtişaşların nəticələri:Yüzlərlə polis yaralanıb, mağazalar talan edilib, 12 min avtomobil yandırılıb
Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra baş verən iğtişaşlar zamanı 850-yə yaxın polis və yanğınsöndürən yaralanıb.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Milli Assambleyasında keçirilən iclasda Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib.
Nazir həmçinin, aralarında bir neçə bələdiyyə sədrinin də olduğu 27 dövlət məmurunun hücuma məruz qaldığını bildirərək, “bu zorakılığa heç nə haqq qazandıra bilməz” deyib.
Qeyd edək ki, iyunun 27-də polis əməkdaşları yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyiblər. Bundan sonra Fransanın bir sıra şəhərlərində iğtişaşlar baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə ərazisində gənclər 12 mindən çox avtomobili, həmçinin bələdiyyələrin, polis idarələrinin və digər qurumların binalarını yandırıblar. Çoxu azyaşlı olmaqla 4 minə yaxın insan həbs edilib. İqtisadiyyat Nazirliyinin məlumatına görə, mindən çox ticarət obyekti, 370-ə yaxın bank filialı, 200 ərzaq mağazası və 436 tütün mağazası talan edilib.
Busaat.az























