
G7-dən Ukraynaya dəstək: "Ağır nəticələri olacaq"
G7 ölkələrinin liderləri Rusiyanın Ukraynaya qarşı raket hücumlarını pisləyərək, bu ölkəyə maddi, insani, hərbi və diplomatik dəstək verməyə davam edəcəklərini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə məlumat G7-nin dünən Ukrayna üçün keçirilən görüşündən sonra liderlərin ortaq bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Rusiyanın kimyəvi, bioloji və ya nüvə silahlarından istifadəsinin ağır nəticələri olacağını bildiririk”.
Görüş zamanı Rusiyanın Ukraynada işğal etdiyi ərazilərə də toxunan liderlər, Krım və Sivastopol da daxil olmaqla, Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrinin Ukraynanın ərazi bütövlüyünün bir parçası olduğunu təsdiqləyib və burada keçirilən saxta referendumları tanımayacaqlarını təkrar ediblər.
Liderlər Rusiyanın BMT-nin əsas hüquq və normativlərini açıqca pozduğunu bildirib və bütün ölkələri Rusiyadan beynəlxalq hüquqa sadiq qalmağı tələb etməyə səsləyiblər.
Bundan başqa, G7 liderləri Belarusa da çağırış edərək, ərazilərini Rusiya ordusunun istifadə etməsinə icazə verməməyə çağırıb.
Busaat.az























