Gömrük Komitəsi iş adamının iddiasına cavab verdi

image-sahibkarbackend

Azərbaycanda uzun illərdir kənd təsərrüfatı fəaliyyəti göstərən “Balakən Toxum” MMC-nin direktoru Serhan Keltepe Balakən Gömrük İdarəsi tərəfindən şirkətinin idxal fəliyyətinə əngəl yaradıldığını iddia edir.

“Qafqazinfo”ya müraciət edən iş adamı bildirib ki, fevralın 22-də Türkiyədən ixrac edərək ölkəmizə gətirdiyi gübrələri Balakən Gömrük İdarəsində rəsmiləşdirmək istəyib:

“Qaydalara uyğun olaraq tərtib edilmiş 01211000057393 nömrəli gömrük bəyannaməsi ilə “NOVA BOR” adlı mineral gübrənin, mineral gübrə olmasına dair Mərkəzi Gömrük Ekspertiza İdarəsindən rəy, Qida Təhlükəsizliyi Agentliyinin verdiyi Şəhadətnamə və aqrokimyəvi maddələrin idxalına dair mötəbər dövlət qurumlarının rəylərinin olmasına Balakən Gömrük İdarəsinin rəisi tərəfindən qanunsuz olaraq həmin gübrə məhsuluna ƏDV tətbiq edilməsi barədə göstəriş verilib. Buna etiraz etdikdə rəsmiləşdirmə prosesi gömrük idarəsinin rəisi tərəfindən dayandırıldı. Məhsulun Türkiyədən daşınmasını həyata keçirən nəqliyyat vasitəsi günlərdir ki, saxlanılıb. Bu qanunsuzluqdan əlavə 15.02.2021-ci il tarixdə idxal etdiyimiz mineral gübrə məhsuluna ƏDV hesablanıb və sonradan gübrə olunduğu tam təsdiqini tapsa da problem bu günədək həll edilməyib. Balakən Gömrük İdarəsinin rəhbərliyinin bu qanunsuz hərəkətləri nəticəsində şirkətin qanunla qorunan mənafeyi pozulub, maddi zərərlə üzləşmişik. Səbəb olaraq deyirlər ki, Azərbaycan gömrük sistemində həmin kodun olmaması və malın kodu ixrac bəyannaməsində 382499969068 olaraq göstərilməsidir, lakin beynəlxalq standartlarda bu kod gübrə olaraq qəbul edilir. Eyni zamanda, Vergi Məcəlləsinin 164.1.31-ci maddəsinə əsasən mineral gübrənin idxalı və satışı ƏDV-dən azaddır. Təəssüf ki, Balakən Gömrük İdarəsinin bu qanunsuz hərəkətlərinin məqsədi fəliyyətini şəffaf şəkildə quran sahibkarları çətin vəziyyətə salmaqdır”.

“Qafqazinfo” iş adamının sözügedən şikayəti ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu göndərib.

Sorğuya cavab olaraq bildirilib ki, “Balakən Toxum” MMC-nin Balakən gömrük postuna 15 fevral 2021-ci il tarixdə 3824999609 XİFMN kodu altında bəyan elədiyi “NOVA CROP ZN10 1LT” yükü “Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına və Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən idxal rüsumu və əlavə dəyər vergisindən azad olmadığı üçün gömrük ödənişlərinə cəlb edilib və rəsmiləşdirilib. Bununla bağlı “Balakən Toxum” MMC-nin heç bir etirazı olmayıb.

26 fevral 2021-ci il tarixdə isə “Balakən Toxum” MMC eyni kod altında “NOVA BOR” yükünü Balakən gömrük postuna bəyan edib. Bu zaman “Balakən Toxum” MMC-nin nümayəndəsi tərəfindən 15 fevral və 26 fevral tarixlərində bəyan olunan hər iki yük üçün ekspert rəyi təqdim edilib. Lakin götürülən nümunələrin hansı yükdən götürüldüyü məlum deyil. Belə ki, 26 fevral tarixində bəyan edilən yükün olduğu nəqliyyat vasitəsi hal-hazırda gömrük təminatı altındadır. Həmçinin “Balakən Toxum” MMC-nin nümayəndəsinin təqdim elədiyi bütün sənədlərdə yükün kodu 3824999609 XİFMN kodu altında göstərilib. Balakən gömrük postunda 3824999609 XİFMN kodu altında bəyan edilən “NOVA BOR” yükünün 15 fevral tarixində rəsmiləşən “NOVA CROP ZN10 1LT” yükü kimi idxal gömrük rüsumu və əlavə dəyər vergisinə cəlb edilməli olduğu “Balakən Toxum” MMC-nin nümayəndəsinə izah edilib. Buna baxmayaraq “Balakən Toxum” MMC buna öz etirazını bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90