Hamamlar niyə açılmır?

image-hamambackend

Artıq iki ilə yaxındır ki, koronavirus pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, Azərbaycanda da karantin rejimi davam etməkdədir. Ancaq bu ilin yanvarından  başlanan peyvəndlənmə prosesi ilə əlaqədar ölkədə tətbiq edilən bir sıra məhdudiyyətlər artıq aradan qaldırılıb. Belə ki, COVID pasportu tələbi altında demək olar ki, bir sıra bağlı qalan fəaliyyət sahələrinin işləməsinə icazə verilib.

Busaat.az xəbər verir ki, sabahdan etibarən isə mədəniyyət obyektləri, kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrların da saat 00:00-dək fəaliyyəti bərpa edilir.

Ancaq bununla bərabər cəmi bir neçə sahənin fəaliyyət göstərməsi ilə bağlı hələ də  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən rəsmi qərar verilməyib. Bunlar mərasim zalları, hamamlar, kitabxanalar və ölkənin quru sərhədləridir.

Bildirək ki, ölkənin hava sərhədləri açıq olduğuna görə, quru sərhədləri ilə bağlı məsələlər də yaxın gələcəkdə tənzimlənə bilər.

Kitabxanalar isə əsasən dövlətin nəzdində fəaliyyət göstərdiyinə görə, bu sahədə çalışanlar da bağlı qaldığı müddətdə əmək haqlarını alıb. Düzdür, oxucular üçün bu sahənin də bağlı qalması anlaşılan deyil. Ona görə də geniş bir oxucu təbəqəsi də kitabxanaların da açılacağı günü həsrətlə gözləyir.

Amma bağlı qalan iki sahə var ki, bunlar əsasən özəl sektora daxil olan fəaliyyət növüdür. Belə ki, mərasim zallarının və hamamların sahibkarları xeyli müddətdir ki, işsiz qalıblar.

Bu sahədə çalışan şəxslər zamanla həm saytımıza, həm də sosial şəbəkələrə müraciət edərək bu sahələrin bağlı qalmasının heç bir məntiqə uyğun gəlmədiyini vurğulayırlar. Bildirirlər ki, əgər COVID pasportu tələbi ilə müəyyən sayda insanların iştirakı ilə toylar keçirilə bilirsə, o zaman eyni tələblə mərasim zalı niyə fəaliyyət göstərməsin?!

Bundan əlavə, məlumdur ki, ölkədə otellərin tərkibində buxar otaqlarından, hamamlardan istifadəyə icazə verilir. Belə olan halda, niyə özəl olaraq fəaliyyət göstərən hamamlar işləməməlidir? Bildirilir ki, ölkədə elə hamam var ki, orada 200 nəfər işçi çalışır. Həmin işçilər isə 17 aya yaxındır ki, işsiz qalıblar.

Hər iki sahənin işçiləri Operativ Qərargahın bu məsələyə tezliklə baxaraq növbəti mərhələdə müsbət istiqamətdə qərar veriləcəyini gözləyirlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki