Həftəsonu Bakı metrosu normal iş rejimi şəraitində yoxlanılacaq – RƏSMİ

image-metrobackend

Mart ayının 13-14-də koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi nəzərə alınaraq növbəti dəfə normal iş rejimi şəraitində yoxlanılacaq.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilir ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.

Sərnişin daşınmadığı müddətdə Bakı metropolitenində müntəzəm tədbirlər hər bir sahədə texniki-normativ tələblərə uyğun olaraq, davamlı aparılır. Normal iş rejimi şəraitində yoxlamanın məqsədi isə metropoliten infrastrukturunun vahid sistem kimi bir daha yoxlamaqla qiymətləndirmək və hazırlıq səviyyəsinin optimallığını qoruyub saxlamaqdır.

Yoxlama çərçivəsində qatarlar metropoliten xətlərində müəyyən edilmiş qrafikə uyğun hərəkətə gətiriləcək və gün ərzində işləyəcək. Bu zaman hərəkətin təşkili və idarə olunması, o cümlədən infrastruktura daxil olan elektrik təchizatı və digər mühəndis-texniki sistemlərin, qurğu və avadanlıqların adi iş rejimi qaydasında yoxlanılması da həyata keçiriləcək.

Yoxlamanın daha bir hədəfi aidiyyəti üzrə işçi personalının peşə vərdişlərini qiymətləndirmək və möhkəmləndirməkdir.

“Bakı Metropoliteni” QSC ictimaiyyətin diqqətinə çatdırır ki, yoxlama tədbirləri zamanı sərnişin daşınmayacaq. Ümumən COVID-19 pandemiyası şəraitində tətbiq edilən xüsusi karantin rejimi dövründə metropolitendə sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarları ilə tənzimlənir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90