HƏMAS liderinin Tehranda öldürülməsi İrana təcavüzdür

image-52backend

 “Bu terakt bir neçə məqsəd üçün həyata keçirilib”.

Bunu Busaat.az-a politoloq Natiq Miri HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən danışarkən deyib.

Onun sözlərinə görə, ilk hədəf HƏMAS-ın başsız qoyulması idi:

“İsmayıl Haniyə müsəlman dövlətləri ilə körpü yaradacaq bir fiqur idi. Haniyənin ən böyük dəstəkçilərindən və ona simpatiyası olanlardan biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan idi. Ona görə Haniyə İsrail üçün əsas hədəflərdən sayılırdı və onun aradan götürülməsi zəruri sayılırdı”.

Müsahibimiz hesab edir ki, yeni rəhbərlik və fiqurlarla müsəlman ölkələri ilə ciddi münasibətlər qurmaq o qədər də rahat olmayacaq:

“Bunun üçün mühüm etimada, etibara ehtiyac var. İranın dəstəklədiyi proksi qüvvələrin, “Hizbullah”ın liderlərinin aradan götürülməsi ilə bağlı İsrail baş naziri Beynamin Netanyahunun ayın 13-də bir açıqlaması yayılmışdı. İsmayıl Haniyənin öldürülməsi də həmin planın tərkib hissəsidir”.

Politoloqa görə. digər məqsəd isə ABŞ-nin sülh planının, davamlı atəşkəsin bərqərar olmasının aradan qaldırılmasıdır. Bunlar Netanyahuya sərf etmir:

“Çünki baş nazir verdiyi sözlərin heç birini tuta bilməyib. Əsirlər azad olunmadı, HƏMAS tamamilə çökdürülmədi. Paralel olaraq HƏMAS-a dəstək verən proksi qüvvələr güclənməkdə idi. Belə şəraitdə davamlı atəşkəsin davam etməsi İsraildə yeni seçkiləri gündəmə gətirəcəkdi. Növbəti seçkidə Netanyahu cəmiyyətdən istədiyi dəstəyi ala bilməyəcəkdi. Hakimiyyət başında olmayan Netanyahu hüquqi cəhətdən də hədəf taxtasında olacaqdı. Onunla bağlı konkret məhkəmə qərarları var. O səbəbdən bu teraktın Netanyahu planının tərkib hissəsi olduğunu düşünürəm”.

Həmsöhbətimiz vurğulayıb ki, Netanyahu müvəqqəti də olsa istəklərinə nail oldu:

“Çünki bundan sonra davamlı atəşkəsi təmin etmək mümkün olmayacaq. Proksi qüvvələr, o cümlədən HƏMAS daha da şiddətli döyüşə davam edəcək ki, bu da gərginliyi artıracaq. Tehranın mərkəzində HƏMAS liderinin raket zərbəsi ilə vurulması İrana təcavüzdür. İran buna cavab vermək məcburiyyətindədir. Ən azından İranın yeni hökuməti öz sifətini qorumaq, qətiyyətini göstərmək, eyni zamanda İsrailə, onu dəstəkləyən qüvvələrə mesaj vermək üçün cavab tədbirlərinin görüləcəyini söyləmək olar”.

Natiq Miri: Nəticənin nə olacağını yaxın perspektivdə görəcəyik

“Artıq sülh danışıqlarından söz açmaq yersizdir” deyən N.Miri qeyd edib ki, qlobal səviyyədə İsrail-Fələstin sülh müzakirələri səngiyəcək. Onun sözlərinə görə, İsrailin baş naziri bir raket zərbəsi ilə vəziyyəti gərginləşdirməyi, prosesi tərs çevirməyi bacardı:

“Nəticənin nə olacağını yaxın perspektivdə görəcəyik”.

Qeyd edək ki, HƏMAS lideri İsmayıl Haniyənin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Nəticədə o və mühafizəçisi öldürülüb.

Busaat.az xatırladır ki, İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi. Fələstin prezidenti Mahmud Abbas deyib ki, HƏMAS lideri İsmayıl Haniyəyə yönəlmiş sui-qəsd qorxaqca atılmış bir addım və təhlükəli bir irəliləyişdir. O, Fələstin xalqını İsrail işğalına qarşı dirəniş göstərməyə və birlik olmağa çağırıb. İran Ali Milli Təhlükəsizlik Şurası məlumat yayaraq İsmayıl Haniyənin öldürülməsinə görə qisas alınacağını bildirib. Qeyd olunub ki, Haniyənin öldürülməsi “qorxaq bir hərəkətdir” və onu törədənlər şübhəsiz, cavablarını alacaqlar.

İran Haniyənin öldürülməsinə görə ölkədə 3 günlük matəm elan edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki