Hərbi ekspert: “Rusiya Ermənistana silah verməkdən imtina etsə…”

image-errrrbackend

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) martın 15-də yaydığı hesabatda da qeyd edilib ki, Azərbaycan dünya silah bazarında mühüm yerlərdən birini tutur. Hesabata əsasən, dünyanın ən böyük silah idxalçısı Səudiyyə Ərəbistanıdır, qlobal idxalın 11 faizi ona məxsusdur. Sonrakı yerləri Hindistan, Misir, Avstraliya və Çin tutur.

SIPRI qeyd edib ki, 2016-2020-ci illərdə dünyada silah satışı daha öncəki beş illə müqayisədə çox artmasa da, yenə də Soyuq Müharibə bitəndən bəri ən yüksək həddə yaxındır. Dünyanın əsas beş silah ixracatçısından üçü olan Birləşmiş Ştatlar, Fransa və Almaniya beş illik müddətdə təchizatı artırıb. Amma Rusiya və Çindən ixracın azalması bu artımı kompensasiya edib. Birləşmiş Ştatlar dünyada ən böyük silah ixracatçısıdır, qlobal silah transferlərinin 37 faizi ona məxsusdur. Bu transferlərin yarısı Yaxın Şərqə gedib. İkinci yerdə olan Rusiya qlobal silah transferlərinin 20 faizini tutur. Amma 2011-2015-ci illərlə müqayisədə son beş ildə satışı 22 faizi azalıb. Bu da, əsasən, Hindistana silah satışında kəskin azalma ilə bağlıdır.

SIPRI-nın aparıcı tədqiqatçısı Pieter Vezeman isə silah satışında azalmanın qalıcı olacağını deməyin çətin olduğunu bildirib: “COVID-19 pandemiyasının iqtisadi təsiri bəzi ölkələri gələn illər ərzində silah idxalına yenidən baxmağa sövq edə bilər. Amma eyni zamanda, 2020-ci ildə pandemiyanın pik həddində bir sıra ölkələr böyük silah kontraktları imzalayıb. Birləşmiş Ərəb Əmirlikləri isə bu yaxınlarda ABŞ-la 23 milyard dollarlıq paket imzalayıb, buraya 50 F-35 qırıcısı və 18-dək silahlı dron alışı da daxildir”.

Statistikaya görə, Yaxın Şərq ölkələri də 2016-2020-ci illərdə öncəki beş illə müqayisədə silah idxalını 25 faizədək artırıblar. 2016-2020-ci illərdə Azərbaycan və Ermənistanın silah idxalı isə dünyada silah transferlərinin uyğun olaraq 0.7 və 0.3 faizini təşkil edib. Amma bu silahların çoxu 2020-ci ilin 44 günlük müharibəsində əsas rolu oynayıb.

Hesabatda o da qeyd olunub ki, 2016-2020-ci illərdə Ermənistanın silah idxalının 94 faizi Rusiyadan gedib. Buraya hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, ballistik raketlər və artilleriya daxildir. Azərbaycanın isə sözügedən müddətdə silah idxalı Ermənistandan 2.5 dəfə çox olub. Bu zaman kəsiyində Azərbaycan silahların 17 faizini Rusiyadan, 69 faizini isə İsraildən alıb. İsrailin satdığı silahlar əsasən dronlardan, ballistik raketlərdən, Rusiyadan göndərilənlər isə zirehli texnika və artilleriyadan ibarət olub.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatını Busaat.az-a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, sözügedən institutun yayımladığı məlumatlar demək olar ki, dünyanın bir çox beynəlxalq qurumları, ölkələr və təşkilatlar tərəfindən kifayət qədər ciddi qəbul olunur: “Lakin biz bu hesabatlar olmadan da Ermənistanın yaxın illər ərzində çox kiçik miqdarda Serbiya, Polşa və Hindistan ilə əməkdaşlığını kənara qoysaq, qalan hərbi-texniki sahədə potensialını yalnız Rusiya hesabına formalaşdığını bilirdik. Azərbaycanın isə daha əvvəlki illər ərzində İsrail silahlarına üstünlük verməsi tamamilə normal haldır. Bir sözlə, Azərbaycanın həm hava hücumundan müdafiə sistemlərində, həm pilotsuz aviasiya vasitələrində, həm də müdafiə sənayesinin güclənməsində İsrail dövlətinin rolu danılmazdır”.

“Lakin biz yalnız İsrail ilə deyil, həm də bəlli bir dönəmdə Belarus, Pakistan, Türkiyə və Avropa silah istehsalçıları ilə də ciddi əməkdaşlıq etmişik və hətta, masada bu istiqamətdə imzalanmış müqavilələr də var. Lakin Ermənistan özünü hərtərəfli qaydada Rusiyaya məhkum edib. Əgər, Rusiya Ermənistana silah verməkdən imtina etsə, o zaman davamlı olaraq qonşularına problem yaradan Ermənistanın alternativ variantı olmayacaq. Azərbaycan isə bu alternativləri həm Rusiyadan, həm Belarusdan, həm Ukraynadan, həm də Türkiyədən əldə edə bilər. Bu şaxələnmə də Azərbaycan üçün çox vacib və doğru addım idi”-deyə, ekspert vurğulayıb.

image-edalet-v

O, Türkiyənin son illərdə həm hava hücumundan müdafiə sistemlərində, həm də pilotsuz aviasiya vasitələrinin əldə edilməsində ABŞ tərəfindən narazılıqla qarşılaşdığına da toxunub: “Ona görə də Türkiyə rəhbərliyi ixrac etmək əvəzinə, həmin silah sistemlərinin yerli istehsalını təşkil etməyə qərar verdi. Hazırda Türkiyənin silah idxalının azaldılması bizim üçün də çox önəmlidir. Tərfdaşlarımızdan biri olan Türkiyənin yerli və milli silah istehsalını təşkil etmək imkanları gələcəkdə Azərbaycanın da hərbi sahədə potensialına ciddi təkan verəcək. Bu isə çox uzaq gələcək anlamına da gəlmir. Yəni, bir neçə ildən sonra Türkiyə hərbi sənaye müsəssisələrinin Qarabağ ərazisində birgə fəaliyyətini də izləyə bilərik. Çünki imzalanan sənədlər, keçirilən görüşlər, əldə olunan razılaşma və sazişlər bunu deməyə əsas verir”.

Müəllif: Mərahim Nəsib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90