
Hollandiya köləlik tarixinə görə rəsmi olaraq üzr istədi
Hollandiyanın baş naziri Mark Rutte ölkəsinin köləlik tarixinə və qul ticarətindəki roluna görə hökuməti adından rəsmi olaraq üzr istəyib.
Busaat.az xəbər verir ki, Rutte bu barədə inzibati paytaxt Haaqada yerləşən Hollandiya Milli Arxivində təşkil edilən mərasimdə çıxışı zamanı bildirib.
“Əsrlər boyu bir çox insan Hollandiya dövləti adı altında əmtəələşdirilib, istismar edilib və onlara qarşı pis rəftar edilib. Əsrlər boyu insan ləyaqəti Hollandiya dövləti tərəfindən tapdalanıb” – deyə, Rutte qeyd edib.
Köləliyin insanlığa qarşı cinayət olduğunu qeyd edən Rutte, “Milyonlarla insan bu cinayətdən əziyyət çəkib və əziyyət çəkir” – deyə, əlavə edib.
Rutte, əvvəlki hökumətlərin ölkənin köləlik tarixini qəbul etmədiyini ifadə edərək bildirib: “Hollandiya hökuməti adından üzr istəyirəm”.
Baş nazir Rutte vurğulayıb ki, hökumət köləliyin tarixi ilə bağlı məlumatlılığın artırılması üçün 200 milyon avro maliyyə ayıracaq.
Busaat.az























