
Homeseksuallıq dağıdıcı dəyər elan edildi - Putin fərman imzaladı
Rusiya prezidenti Vladimir Putin ölkədə homeseksual münasibətləri Rusiya cəmiyyəti üçün dağıdıcı ideya və dəyərlər sisteminə daxil edən fərman imzalayıb.
Busaat.az xəbər verir ki, ənənəvi mədəni-əxlaqi dəyərlərin qorunması və möhkəmləndirilməsi üzrə dövlət siyasətinin əsaslarını özündə əks etdirən fərman Rusiyanın Dövlət Hüquqi İnformasiya portalında dərc olunub.
Fərmana əsasən, Rusiyanın suverenliyinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə, çoxmillətli və çoxşaxəli ölkənin birliyini təmin etməyə imkan verən ənənəvi dəyərlərin Rusiya cəmiyyətinin əsasını təşkil etdiyini vurğulayıb.
Fərmanda Xristianlığın, İslamın, Yəhudiliyin və Buddizmin Rusiya tarixinin və mənəvi irsinin ayrılmaz hissəsi olduğu bildirilib. Qeyd edilib ki, Rusiyanın ənənəvi dəyərləri ekstremist və terror təşkilatlarının, bəzi kütləvi informasiya vasitələrinin fəaliyyəti, ABŞ və digər dost olmayan xarici dövlətlərin hərəkətləri ilə təhdid edilib.
KİV və dövlət orqanlarının ənənəvi dəyərlərin qorunması, möhkəmləndirilməsi və təbliği üçün vasitə kimi istifadə ediləcəyi qeyd olunan fərmanda qeyri-ənənəvi cinsi münasibətlər Rusiya cəmiyyəti üçün dağıdıcı ideya və dəyərlər sistemi sırasına daxil edilib.
Homeseksual əlaqələrin təşviq edilməsinin ənənəvi ailə quruluşunu məhv edəcəyinə də diqqət çəkilib.
Busaat.az























