İkibaşlı oyun: Tramp xaricdə biznesini sürətlə genişləndirir

image-img_6033backend

Donald Trampın prezident seçkisində qalib gəldikdən bəri onun korporasiyası olan “Trump Organization” ABŞ-dən kənarda 12 yeni layihəyə start verib.

Busaat.az “The Wall Street Journal”a (WSJ) istinadən xəbər verir ki, bu, onun bütün əvvəlki prezidentlik dövründəki (2017-2021) göstəricilərdən altı dəfə çoxdur.

“Prezident Tramp dəfələrlə biznesi ABŞ-yə qaytaracağına söz verib. Bununla belə, onun şəxsi şirkəti beynəlxalq miqyasda əvvəlkindən daha aktiv fəaliyyət göstərir”, – deyə nəşr qeyd edir.

2025-ci ilin yanvarında “Trump Organization” şirkətin xarici hökumətlərlə birbaşa iş görməsini rəsmən qadağan edən etik saziş dərc edib. Bu addım Trampın ilk prezidentlik dövründə dəfələrlə tənqid obyektinə çevrilən potensial maraqlar toqquşmasının qarşısını almaq üçün atılıb. Bununla belə, korporasiya öz məhdudiyyətlərindən yan keçməyin yolunu tapıb.

“Trump Organization” daha sonra digər dövlətlərin səlahiyyətliləri ilə sövdələşmələrə girən mürəkkəb birgə müəssisələr şəbəkəsi yaradıb. Bu sxem formal olaraq etik razılaşmanın qaydalarını pozmur, lakin onun təməlinə tamamilə ziddir.

ABŞ Prezidentinin biznes imperiyasının coğrafi ekspansiyasının əhatə dairəsi heyrətə gətirir. Seçkidə qələbəsindən sonra Trampın daşınmaz əmlak şirkəti Yaxın Şərqdə Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki mülklər də daxil olmaqla altı irimiqyaslı layihəyə start verib.

“Trump Organization”ın artıq uğurlu təcrübəyə malik olduğu Hindistanda daha beş layihə həyata keçirilir.

Serbiyadakı iddialı layihə xüsusi diqqətə layiqdir ki, burada “Trump Organization” hökumətdən torpaqların icarəsində və Belqradda Müdafiə Nazirliyinin dağıdılmış binasının yenidən qurulmasında iştirak edir. 1999-cu ildə NATO-nun bombardmanı zamanı zədələnmiş tarixi bina yenidən 500 milyon dollar dəyərində lüks otelə çevriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki