
İlon Maskdan amerikalı uşaqlara jest: Hər birinə iki "SpaceX" səhmi veriləcək

"SpaceX" şirkətinin baş direktoru İlon Mask Amerikadakı hər bir uşağın şirkətin iki səhmini alacağını bəyan edib.
Busaat.az xəbər verir ki, milyarder bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
O, bildirib ki, uşaqlara təqdim olunacaq səhmlərdən biri birbaşa "SpaceX" şirkəti tərəfindən, digəri isə şəxsən onun öz payından veriləcək. Maskın sözlərinə görə, şirkətin ayıracağı səhmlərin 2026-cı ilin dekabrında, öz şəxsi paketindən olan qiymətli kağızların isə satış qadağası (lock-up) müddəti bitdikdən sonra — 2027-ci ilin iyununda köçürülməsi planlaşdırılır.
Qeyd edək ki, ötən gün — noyabrın 25-də "SpaceX" hər bir aktiv "Trump Account" investisiya hesabına yeni buraxılmış A sinifli adi səhmdən bir ədəd yönəltmək niyyətində olduğunu açıqlayıb. Mask isə buna əlavə olaraq öz paketindən daha bir səhm verəcəyini vəd edib.
Xatırladaq ki, "Trump Account" 18 yaşdan kiçik amerikalılar üçün nəzərdə tutulmuş xüsusi investisiya hesablarıdır. 2025–2028-ci illər aralığında doğulan uşaqlar üçün bu hesablara dövlət tərəfindən ilkin olaraq 1000 dollar məbləğində vəsait köçürülür. Hesabları valideynlər, işəgötürənlər və xeyriyyəçilər də artıra bilərlər.
Şəhla Sabirli
Busaat.az























