
Tramp və NATO rəhbəri Ukrayna müharibəsini və İran ətrafındakı vəziyyəti müzakirə edib

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte Ukrayna müharibəsini və İran ətrafındakı vəziyyəti müzakirə ediblər.
Busaat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan birgə bəyanatda bildirilib.
Məlumata görə, Floridada yerləşən Mar-a-Laqo iqamətgahında keçirilən görüş “əla” və “çox məzmunlu” kimi qiymətləndirilib. Tərəflər müdafiə xərclərinin artırılması, həmçinin ABŞ və NATO-nun investisiyaları məsələlərini də müzakirə ediblər.
Birgə bəyanatda Rusiyanın müharibənin genişlənməsinə səbəb ola biləcək hər hansı addımının qarşısının alınmasının vacibliyi vurğulanıb.
“Rusiyanın müharibənin genişlənməsinə gətirib çıxara biləcək, istər qəsdən, istərsə də bilmədən atacağı hər hansı addımın qarşısını almaq, eləcə də mümkün qədər tez sülh yolu ilə nizamlanmaya nail olmaq vacibdir”, – deyə bəyanatda qeyd olunub.
Bununla yanaşı, görüşdə İran ətrafındakı vəziyyətin hansı aspektlərinin müzakirə edildiyinə dair əlavə məlumat verilməyib.
Şəhla Sabirli























