
İran iyun-iyul aylarında ŞƏT-ə daxil olacaq - Abdullahiyan
İran bu ilin iyun-iyul aylarında Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olacaq.
Busaat.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.
“İranın ŞƏT-ə üzvlüyü nəhayət ki, müəyyənləşəcək. ŞƏT-in əsasını təşkil edən ölkələrin parlamentlərinin son qətnaməsi keçən həftə qəbul edilib. Nəhayət ki, prezident Rəisinin iştirakı ilə İranın ŞƏT-in daimi üzvü olduğu elan ediləcək”, – Abdullahiyan deyib.
Qeyd edək ki, İran 2022-ci il sentyabrın 15-də ŞƏT-ə üzv dövlət statusu almaq üçün Səmərqənddə üzərinə götürdüyü öhdəliklərə dair memorandum imzalayıb. Noyabrın 27-də isə milli parlament İranın təşkilata daxil olması ilə bağlı qanun layihəsini qəbul edib.
Busaat.az























