
İran polisi etirazçılara qarşı odlu silahdan atəş açdı
İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində keçirilən etirazlara təhlükəsizlik qüvvələri odlu silahla müdaxilə edib.
Busaat.az xəbər verir ki, ötən gecə Mahabad şəhərində baş verən hadisələrdə polis etirazçılara qarşı silah və partlayıcıdan istifadə edib.
Şəhərdə rejim əleyhinə şüarlar səsləndirən nümayişçilər bəzi küçələri kərpic və daşla bağlayıblar. Nümayişçilərə qarşı təhlükəsizlik qüvvələrinin odlu silahla müdaxilə etdiyi şəhərdə hər yerdən partlayış səsləri eşidilib.
İnqilab Keşikçiləri Qvardiyasına yaxınlığı ilə tanınan bəzi media qurumları təhlükəsizlik qüvvələrinin Mahabadda rejim əleyhdarı İran Kürdüstanı Komala Partiyasının üzvlərinə qarşı əməliyyat keçirdiyini iddia edib.
Bildirilir ki, şəhərə çoxlu sayda polis göndərilib, rejim əleyhdarları isə sosial şəbəkələrdəki paylaşımları ilə “Mahabad əhalisinə kömək” çağırışları edirlər. İran administrasiyasına yaxın olan bəzi media orqanları 2 gün əvvəl Mahabad şəhərində keçirilən nümayişlər zamanı bəzi fəalların təhlükəsizlik qüvvələrinə atəş açması ilə bağlı videolar paylaşıb.
Rəsmi orqanlar insidentlərdə ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.
İranda nümayişlər
Sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da vəfat edib. Bundan sonra ölkədə rejim əleyhinə xalq etirazları başlkayıb və genişlənib.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı noyabrın 17-də nümayişlərdə 342 nəfərin öldüyünü açıqlayıb. İran mətbuatındakı xəbərlərə görə, nümayişlər zamanı 50-dən çox təhlükəsizlik işçisi həyatını itirib.
Busaat.az























