İranda etirazçılar geniş yayılmış internet problemləri və sosial mediaya daxil ola bilməmələri barədə narahatlıqlarını bildiriblər.
Busaat.az xəbər verir ki, bu barədə məlumat monitorinq qrupu NetBlocks tərəfindən yayılıb.
Bildirilir ki, İranda əsas əlaqə vasitələri olan İnstagram və Whatsapp məhdudlaşdırılıb.
Telegram və Youtube sosial şəbəkələri də müvəqqəti olaraq bağlanıb. İran sakinləri hətta VPN və digər vasitələrlə öz Whatsapp hesablarına daxil ola bilmədiklərini bildiriblər. İnternetin kəsilməsi əsasən İranın ən böyük mobil operatorunun – İran Mobil Kommunikasiyalar Şirkətinin fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlıdır. Şirkətin 60 milyondan çox müştərisi var.
“Küçələrdə iğtişaşlar başlayandan sonra internet İran hakimiyyətinin istifadə etdiyi ən böyük alətlərdən biridir. İranda özəl yayım şəbəkəsi yoxdur, internet etirazçıların səslərini paylaşa biləcəyi yeganə yerdir”- deyə, NedBlocks-dan bildirilib.
Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmini hicab qaydalarına əməl etmədiyi üçün saxlanılıb və saxlanıldıqdan 3 gün sonra vəfat edib. Gənc qızın müəmmalı ölümü ölkədə geniş xalq kütlələrinin etirazlarına səbəb olub.