
İranda nümayişlərdə çoxlu sayda insan yaralanıb, onlarla bəluc öldürülüb
İranın cənub-şərqindəki Haş şəhərində cümə namazından sonra keçirilən rejim əleyhinə nümayişlər zamanı baş verən iğtişaşlarda çox sayda insanın yaralandığı bildirilib. Fəallar hadisələr zamanı bir nümayişçinin öldüyünü iddia ediblər.
Busaat.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Məlumata görə, ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Haş şəhərində cümə namazından sonra nümayiş keçirilib. Ölkə rəhbərliyinə qarşı şüarlar səsləndirən bir qrup nümayişçinin Şəhər Qubernatorluğuna daş və odlu silahla hücum etdiyi bildirilib. Hadisələr zamanı çoxlu sayda polis əməkdaşının yaralandığı bildirilib. İranın yarı-rəsmi xəbər agentliyi Təsnim isə, təhlükəsizlik qüvvələrinin cavab atəşi nəticəsində çoxlu sayda insanın yaralandığını bildirib.
Qərargahı İngiltərədə olan Bəluc Aktivistlər Təşkilatı Haş şəhərində keçirilən etirazlar zamanı təhlükəsizlik qüvvələrinin nümayişçilərə açdığı atəş nəticəsində 1 nəfərin öldüyünü və çox sayda insanın yaralandığını iddia edib.
Qeyd edək ki, İranda sünnilərin yaşadığı Sistan-Bəlucistan əyalətinin inzibati mərkəzi olan Zahidan şəhərində sentyabrın 30-da cümə namazından sonra etiraz aksiyaları keçirilib. Aksiya zamanı şəhər, etirazçılarla İran təhlükəsizlik qüvvələri arasında “Qanlı Cümə” kimi tanınan böyük hadisələrin şahidi olub. Hadisələrdə onlarla insanın həlak olduğu bildirilib.
Zahidan şəhərinin imamı olan sünni din xadimi Əbdülhəmid İsmailzehi oktyabrın 2-də etdiyi çıxışında təhlükəsizlik qüvvələrinin xalqa atəş açdığını bildirib və səlahiyyətliləri hadisəni ciddi şəkildə araşdırmağa çağırıb.
Dövlət Təhlükəsizlik Şurası şəhərdəki hadisələr zamanı indiyə qədər 35 nəfərin həyatını itirdiyini açıqlasa da, Bəluc fəalları ölənlərin sayının 100-ə yaxın olduğunu iddia edib.
Busaat.az























