
İrandan gözlənilməz hərbi təlim QƏRARI
İran Hörmüz boğazının şərqi ilə Hind okeanının şimalı arasındakı Cask bölgəsində hərbi təlimlərə başlayıb.
Busaat.az İranın Tesnim Xəbər Agentliyinə istinadən xəbər verir ki, İran Ordusunun müavini kontr-admiral Həbibullah Seyyari məsələ ilə bağlı bildirib:
“Zülfikar 1401” adlı təlim dünən axşam ordunun müxtəlif bölmələrinin iştirakı ilə başlayıb. Təlim Hörmüz boğazının şərqi ilə Hind okeanının şimalı arasındakı Cask bölgəsində keçiriləcək”.
Təlimin ordunun döyüş qabiliyyətinin inkişafı üçün illik təqvimdə yer alan praktiki addımların bir hissəsi olduğunu qeyd edən Seyyari, təlimin Hərbi Hava Qüvvələrinin strateji bombardmançı və döyüş təyyarələri tərəfindən də dəstəklənəcəyini bildirib.
İran komandiri qeyd edib ki, hava, quru və dəniz qüvvələrinin iştirakı ilə keçirilən təlimin məqsədləri arasında xüsusi ərazilərdə, o cümlədən kimyəvi, mikrob və nüvə silahları ilə çirklənmiş mühitlərdə əməliyyatların aparılması imkanlarının təkmilləşdirilməsi, eləcə də elektron müharibə və əlverişsiz hava şəraitində ordunun effektivliyinin artırılması yer alıb.























